Siyasət 12:58 08.05.2023

İsrail Cənubi Azərbaycan fəallarına dəstəkdən imtina etdi? (ŞƏRH)

"İsrail Knessetinin deputatları həmin məsələdə ehtiyatsızlığa yol veriblər və onların bu təşəbbüsü daha çox təxribata oxşayır”.
 
Bunu Qaynarinfo-ya açıqlamasında siyasi şərhçi Arif Əliyev İsrailin 32 deputatının İran azərbaycanlılarının azadlıq hərəkatına dəstək verməyə çağıran bəyanatını İsrail hökumətinin "anlaşılmazlıq” kimi dəyərləndirməsini şərh edərkən deyib.

Onun fikrincə, Knessetin deputatları bir qədər tələsmiş bəyanat veriblər:
 


"Çünki bu məsələdə İsrailin çox irəliyə getməsi müxtəlif problemlər yarada bilərdi. Bəyanatın Cənubi Azərbaycan hərəkatına ziyan törədəcək cəhətləri də var. Bu mənada Təl-Əviv məsələyə bir qədər daha ehtiyatlı yanaşaraq deputatların təşəbbüsünü "anlaşılmazlıq” adlandırıb. Əslində, həmin deputatların təşəbbüsü daha çox təxribata da oxşayır. Deputatlar bu məsələdə ehtiyatsız hərəkət eiblər. Belə yersiz təşəbbüsün hərəkata, onun müəyyən rəhbərlərinə ziyanı ola bilər. Cənubi Azərbaycanda belə İsrailə olan münasibət birmənalı deyil. Digər tərəfdən, İran bunu İsrailin təxribatı kimi qiymətləndirə bilər”. 

"Bu İsrailin mövcud vəziyyətə uyğun olaraq taktiki gedişidir”. Bunu isə Qaynarinfo-ya açıqlamasında "Ayna-Zerkalo” qəzetinin baş redaktoru Elçin Şıxlı bildirib.



"İsrail boş-boşuna heç zaman heç nə demir. Hazırkı vəziyyətdə atdıqları taktiki gedişdir. Onlara görə belə olmalıdır, ona görə də o cür deyirlər. Bu İsrailin mövcud vəziyyətə uyğun olaraq taktiki gedişidir. Amma onların strategiyası dəyişmir”, deyə Elçin Şıxlı bildirib.

Qeyd edək ki, İsrailin təhlükəsizlik naziri Hila Hamliyel Knessetin bir qrup deputatın İranda yaşayan etnik azərbaycanlıların müstəqilliyini dəstəkləmək çağırışları barədə ölkənin xarici işlər nazirinə ünvanladıqları məktubu "anlaşılmazlıq” adlandıraraq, onu rədd edib. Belə ki, bir müddət əvvəl Knessetin keçmiş xarici işlər naziri Avidor Liberman başda olmaqla 32 deputatı İran azərbaycanlılarının azadlıq hərəkatını dəstəkləmək çağırışı ilə hazırkı xarici işlər naziri Eli Koenə müraciət ünvanlayıblar. İsraildən olan deputatların bu təşəbbüsü xaricdəki İran müxalifəti və şah nəslinin nümayəndəsi Rza Pəhləvi tərəfindən etirazla qarşılanıb. Nəticədə verilən məlumata görə, bəyanatı imzalayan deputatlar sonradan bu fikirdən imtina ediblər. 

Rüfət Sultan