Dünya 18:44 06.04.2023

İsrail Livandan misli görünməmiş raket atəşinə tutuldu

İsrailin Baş naziri Benyamin Netanyahu Livandan misli görünməmiş raket atəşinə məruz qaldıqdan sonra təhlükəsizlik qüvvələrinin rəhbərliyi ilə operativ iclas keçirib.
 
İki nəfərin öldüyü barədə məlumat var. 2006-cı ildən, İsrail ilə Livanın Hizbullah hərəkatı arasında baş vermiş müharibədən bəri İsrailin şimalına bənzər miqyaslı hücum olmayıb.

Qaynarinfo xəbər verir ki, bu barədə Kommersant yazır.

Axşam hərbi-siyasi kabinetin iclasının keçirilməsi nəzərdə tutulub. Əl-Cəzirə müxbiri Livan təhlükəsizlik güclərindəki mənbəyə istinadən bildirib ki, Livanın cənubundan İsrailə 30-a yaxın raket atılıb. Manar.tv xəbər verir ki, atılan 30 raketdən 15-i İsrailin "Dəmir günbəz” sistemi tərəfindən vurulub. 

Artıq İsrailin sosial şəbəkələrində İsrailin Livan ərazisinə cavab atəşi açması ilə bağlı xəbərlər yayılıb.

Əvvəlki günlərdə İsrailə hücumlar Fələstinin HƏMAS hərəkatının nəzarətində olan Qəzza zolağından həyata keçirilib. Maraqlıdır ki, HƏMAS siyasi bürosunun rəhbəri İsmayıl Haniyyə hazırda Beyrutdadır və burada başqa məsələlərlə yanaşı, Hizbullah nümayəndələri ilə də görüşür.

Həm Hizbullah, həm də Həmas özlərini "İsrailə qarşı müqavimət qüvvələri" adlandırırlar.

Cümə axşamı Hizbullah İsrail polisinin Qüdsdəki Məbəd dağındakı Əl-Əqsa məscidində onlarla fələstinlinin yaralandığı və yüzlərlə insanın saxlandığı hərəkətlərini pisləyib.

Hizbullah "Fələstin xalqı və müqavimət qrupları ilə tam həmrəylik" elan edərək, "möminləri və Məscidül-Əqsanı qorumaq və düşməni onun hücumlarını davam etdirməkdən çəkindirmək üçün aldıqları bütün tədbirlərdə onlara dəstək olacağını" vəd edib.

Nizami Bağırov