Siyasət 19:30 31.05.2023

İsrail və Azərbaycan SEPAH-ın hədəfində: İranın əsas planı nədir? – ŞƏRH

"İran həm İsraili, həm də Azərbaycanı təhdid edir. Odur ki, Tel-Əviv və Bakı iki ölkə arasında əməkdaşlığı inkişaf etdirirlər”.
 
Bunu Qaynarinfo-ya açıqlamasında politoloq Tural İsmayılov İsrail Prezidenti İsxak Hersoqun Azərbaycana səfəri və burada müzakirə olunan məsələləri şərh edərkən deyib:

"İsrail-Azərbaycan münasibətləri hər zaman qarşılıqlı maraqlar çərçivəsində inkişaf edib. Bakı Təl-Əvivlə əlaqələrə daim önəm verib.Son iki ay ərzində İsrail xarici işlər naziri, ardınca da Prezidentin Bakıya səfəri tərəflərin bir-birinə mühüm önəm verdiklərinin göstəricidir”.

Politoloq düşünür ki, səfər iki ölkə arasında münasibətlərin artan xətlə inkişaf etdiyini nümayiş etdirir: 

"İsrail Prezidentinin ölkəmizə səfəri ölkələrimiz arasında bir çox sahələr üzrə yeni əməkdaşlıq formatlarının meydana çıxacağına işarədir.Azərbaycanla İsrail ənənəvi  sahələrlə yanaşı, kiber təhlükəsizliyi və İKT sahəsində də əməkdaşlıqda maraqlıdır. Azərbaycanda yeni kiber   təhlükəsizlik mərkəzi yaradılıb. Burada çalışanlar arasında dünyaca məşhur İsrail mütəxəssislərinin olması münasibətlərimizdə yaranan yeni müstəvinin göstəricisidir. Xüsusən də təhlükəsizlik məsələsində ortaq maraqlarımız var. İsraili yer üzündən silməyi düşünün İran həm də Azərbaycana qarşıdır. İran Azərbaycana qarşı heç vaxt səmimi davranmayıb. Son aylar İrandan Azərbaycana qarşı artan təhdidlər fonunda onun İsraili də təhdid etməsi Tehranın qlobal miqyaslı təhlükə mənbəyi olduğunu sübut edir. İsrail Prezidenti açıq şəkildə göstərdi ki, İrandan İsraillə yanaşı, Azərbaycana da təhdid var. Bu baxımdan, yaranmış vəziyyət İsrail-Azərbaycan əlaqələrinin daha da dərinləşməsini labüd edir”. 

Həmsöhbətimiz qeyd edir ki, İsrail Prezidentinin səfəri Azərbaycanın artan nüfuzu və qlobal müstəvidə möhkəmlənən mövqeyinin növbəti göstəricisidir. 

Qeyd edək ki, mayın 30-da İsrail Prezidenti İsxak Hersoqun Azərbaycana səfəri başlayıb. Onun səfəri iki gün çəkəcək. 

Rüfət Sultan