Dünya 13:45 16.05.2022

İsveç nümayəndə heyəti NATO-ya namizədliklə bağlkı tezliklə Ankaraya gedəcək

İsveç nümayəndə heyəti NATO-ya müraciəti müzakirə etmək üçün tezliklə Ankaraya gedəcək.

Qaynarinfo xəbər verir ki, bu barədə "Huriyyet” qəzeti İsveçin xarici işlər naziri Ann Lindeyə istinadən məlumat yayıb.

Bundan əvvəl Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan bildirib ki, Ankara Finlandiya və İsveçin NATO-ya qəbulu ətrafında gedən prosesləri izləyir və hələlik buna müsbət baxa bilmir. Xarici işlər naziri Mövlud Çavuşoğlu da öz növbəsində qeyd edib ki, Finlandiya və İsveç Ankaranı narahat edən məsələlərdə Türkiyə ilə işləməyə hazır olduqlarını bəyan ediblər.

"Nümayəndə heyəti NATO-ya müraciətə baxmaq üçün tezliklə Ankaraya yola düşəcək", - o bildirib.

Mayın 15-də İsveçin hakim Sosial Demokrat Partiyası NATO-ya üzv olmaq üçün müraciət etmək qərarını açıqlayıb, eyni zamanda qeyd edib ki, İsveç təsdiqlənərsə, öz ərazisində nüvə silahı və hərbi bazaların yerləşdirilməsinə qarşı çıxacaq. Həmin gün Finlandiya da rəsmi olaraq Şimali Atlantika Alyansına qoşulmağa qərar verib. KİV-in məlumatına görə, İsveç hökuməti artıq NATO-ya ərizə məktubu hazırlayıb, onun Finlandiya ilə eyni vaxtda göndərilməsi planlaşdırılır.

Finlandiya və İsveç Rusiyanın Ukraynadakı hərbi əməliyyatı fonunda uzunmüddətli neytrallıqlarından əl çəkərək NATO-ya üzv olmaq imkanlarından danışmağa başlayıblar.

Rusiya dəfələrlə NATO-nun qarşıdurma məqsədi daşıdığını qeyd edib. Rusiya prezidenti Vladimir Putin finlandiyalı həmkarı Sauli Niinistö ilə söhbətində qeyd edib ki, ənənəvi hərbi neytrallıq siyasətindən imtina etmək səhv olardı, çünki Finlandiyanın təhlükəsizliyinə heç bir təhdid yoxdur. Onun fikrincə, ölkənin xarici siyasətində dəyişiklik uzun illər ərzində mehriban qonşuluq və tərəfdaşlıq əməkdaşlığı ruhunda qurulan və qarşılıqlı faydalı olan Rusiya-Finlandiya münasibətlərinə mənfi təsir göstərə bilər. Putinin sözçüsü Peskov isə bu iki ölkəni hərbi cavabla hədələyib.
 
Alpər