Dünya 22:55 02.06.2023

İsveç tezliklə NATO-nun üzvü olacaq, sizə söz verirəm - Bayden

ABŞ prezidenti Co Bayden bildirib ki, İsveç tezliklə NATO-nun yeni üzvü olacaq.

Qaynarinfo "Yevropeyska pravda”ya istinadən xəbər verir ki, o, bunu ABŞ Hərbi Hava Qüvvələri Akademiyasında çıxışı zamanı deyib.

ABŞ prezidenti çıxışında NATO-nun gücləndiyini və birləşdiyini vurğulayıb.

O əlavə edib ki, Alyans Finlandiyanın və tezliklə İsveçin daxil olması ilə daha da güclənib.

"NATO son onilliklərlə müqayisədə daha güclü və bir olub və indi yeni üzvümüz Finlandiyanın və tezliklə İsveçin Alyansa daxil olması ilə daha da güclənib və bu, mümkün qədər tez baş tutacaq. Mən sizə söz verirəm”, - Bayden qeyd edib.

Qeyd edək ki, bir gün əvvəl NATO-nun baş katibi Yens Stoltenberq bildirib ki, bu həftə Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanla danışıb və İsveçin üzvülüyü ilə bağlı irəliləyiş əldə etməyin vacibliyini vurğulayıb.

Məlum olduğu kimi, İsveçin NATO-ya daxil olması ilə bağlı protokolu yalnız iki ölkə - Macarıstan və Türkiyə ratifikasiya etməyib.

Nizami Bağırov