Dünya 15:42 29.07.2022

İtaliyada qalmaqal: Sağçı partiya üzvünün Rusiya ilə gizli danışığı

İfrat sağçı Liqa partiyasının Rusiya səfirliyi ilə koalisiyadan çıxma və onun dağılması ehtimalı ilə bağlı danışıqlar aparması barədə məlumat mediada yayıldıqdan sonra İtaliyada siyasi qalmaqal yaranıb.

Qaynarinfo xəbər verir ki, bu barədə materialı "La Stampa” qəzeti dərc edib.

Nəşrin məlumatına görə, Liqa liderinin beynəlxalq əlaqələr üzrə müşaviri Antonio Kapuano mayın 27 və 28-də Rusiyanın İtaliyadakı səfirliyinin əməkdaşı Oleq Kostyukovla görüşüb.

İtaliya kəşfiyyat xidmətlərinin məlumatlarına istinad edən nəşr iddia edir ki, Kapuano Kostyukovla Liqanın da daxil olduğu hökumət koalisiyasının dağılması ehtimalını müzakirə edib. Bu, məhz partiyanın, eləcə də 5 Ulduz Hərəkatının Ukraynaya hərbi yardımın göstərilməsinə qarşı çıxan zaman baş verib.

Üstəlik, "La Stampa” iddia edir ki, Liqa lideri Matteo Salvininin sülh danışıqları aparmalı olduğu iddia edilən Moskvaya pozulmuş səfərinə məhz yuxarıda adı çəkilən Kostyukov cavabdehdir. Xüsusilə, Rusiya səfirliyinin əməkdaşı italyan siyasətçiyə təyyarə biletləri alıb.

Cümə axşamı Salvini materialı şərh edərək, əslində, onun müşaviri ilə Rusiya səfirliyinin əməkdaşı arasında danışıqların həqiqətən də baş tutduğunu təsdiqləyib.

"Beynəlxalq siyasət hökumətlərdən müstəqildir, biz Qərbin azad demokratiyalarının qürurlu müttəfiqləriyik. Bu, Putinlə yaxşı münasibət qurmaq istəməmək demək deyil... Təbii ki, Avropanın bəzi digər döyüşkən dövlətlərindən fərqli olaraq, mən dialoq və vasitəçilik aparan İtaliyaya üstünlük verirəm”, - Salvini "Radio 24”də deyib.

Nizami Bağırov