İdman 15:03 16.03.2023

Kapitan azarkeşlərdən üzr istədi: “Neçə ilin futbolçusuyam, amma…”

Azərbaycan Premyer Liqasının 27-ci turu çərçivəsində dünən "Qarabağ” səfərdə "Sumqayıt”ın qonağı oldu. Qurban Qurbanovun komandası bu görüşdə 6:0 hesablı qələbəyə imza atdı. Sumqayıtlılar bununla da 4-cü dəfə Ağdam təmsilçisi ilə qarşılşamada qapısında 6 qol görmüş oldu. Bəs bu nəticə Samir Abasovun komandasına necə təsir edəcək? Eniş yaşana bilərmi?

"Sumqayıt”ın kapitanı Vurğun Hüseynov Qaynarinfo-ya açıqlamasında məğlubiyyətin səbəblərindən danışıb:

"Qarabağ”la oyuna digərlərinə olduğu kimi hazırlaşmışdıq. Ümumiyyətlə, düşünrəm ki, başqa motivasiyaya ehtiyac yoxdur. Çünki "Qarabağ”ın gücü bəllidir. Nə deyim? Həqiqətən komanda şəklində həm bərbad oynadıq, böyük hesabla uduzduq, həm də dəstək verməyə gələn azarkeşləri üzdük. Belə böyük məğlubiyyətə görə onlardan üzr istəyirəm. Hesab bəllidir, nəsə danışmağa ehtiyac yoxdur”.

Təcrübəli müdafiəçi oyundan əvvəl düşündükləri ilə meydanda göstərdikləri oyunun üst-üstə düşmədiyini deyib:

"Baş məşqçi gəldi, komandaya istirahət verdi. Qarşıdan son dövrə gəlir. Çalışıb xallar qazanmalıyıq ki, elitada qalaq. Başqa yolumuz yoxdur. "Qarabağ” Azərbaycan səviyyəsini keçib, bu reallıqdır. Əlimizdən gələni etməyə çalışacağıq. Sizi inandırım ki, "Qarabağ” bizə qarşı istəyi başqa rəqiblə oyunda göstərsə, onları da 6:0 məğlub edər. Baş məşqçi iradlarını bildirdi. Öz aramızda da danışırıq. Görünən odur ki, dediyimizlə əməlimiz üst-üstə düşmür. Çalışırıq meydana çıxıb mübarizə aparaq, nəsə edək. Amma istəyimizlə əməlimiz üst-üstə düşmədi”.

Hüseynov komandada mübarizə əzminin çatmadığını da söyləyib:

"Onsuz da son vaxtlar pik vəziyyətdə deyildik. Bir oyun udub, digərində uduzuruq Yaxşı oldu ki, bu, millilərin oyunu ərəfəsinə düşdü. Baş məşqçi də istirahət lazım olduğunu dedi. Bizi çətin Tovuz səfəri gözləyir. Çalışacağıq, maksimum hazırlaşaq. Bizim üçün hər oyun final kimidir. Xal ehtiyatımızı artırmağa çalışacağıq. Təbii ki, nəticə hər bir futbolçuya təsir edəcək. Kollektiv şəkildə unutmağa çalışacağıq. Çünki beynimizdə, ürəyimizdə saxlasaq, bu, bizə yaxşı təsir etməz. Məğlubiyyətə görə bir-bir, kimisə günahlandırmaq olmaz. Hamımız zəif oynadıq. Neçə ilin futbolçusuyam, müəyyən təcrübəm var. Amma mənə də təsir etdi. Kollektiv şəkildə bir-birimizə kömək etməsək, nəticə qazanmağımız mümkün deyil. Bu mənada komandada mübarizə əzmi çatmır”.

Səbuhi Həsənov