İdman 11:41 01.12.2022

Kapitan dava iddiasına aydınlıq gətirdi: "Pis şeylərdən danışdıq"

Belçika millisinin kapitanı Eden Azar Mərakeşə məğlub olduqları oyundan sonra soyunub-geyinmə otağında dava çıxması ilə bağlı iddiaların həqiqəti əks etdirmədiyini bildirib.

Qaynarinfo-nun məlumatına görə  "Real"ın 31 yaşlı futbolçusu Mərakeşlə oyunundan sonra yayılan xəbərlərin saxta olduğunu və paltardəyişmə otağında heç kimin dava etmədiyini bildirib.

Soyunub-geyinmə otağında ulduz futbolçular arasında mübahisə yaşandığına dair iddiaları dəyərləndirən Azar, "Çox şey deyildi. Otaqda bir saata yaxın yaxşı və pis şeylərdən danışdıq. İndi Xorvatiyanı məğlub etmək istəyirik. Buna hazır olmaq lazımdır. Otaqda yalnız baş məşqçi Roberto Martinez danışdı" - sözlərini söyləyib

Buraxdığı qollara görə tənqid olunan qapıçı Tibo Kurtua da ilk 15-20 dəqiqədə məğlubiyyət üzündən paltardəyişmə otağında futbolçuların gərgin olduğunu, amma heç nəyin baş vermədiyini deyib.

Belçika qrupdakı son matçında bu gün Xorvatiya ilə qarşılaşacaq. Kanadanın turnirlə vidlaşdığı qrupda yer alan Xorvatiya və Mərakeşin 4, Belçikanın isə 3 xalı var. Belçika bu görüşdə qələbə qazanacağı təqdirdə növbəti mərhələyə vəsiqə qazanacaq. Heç-heçə olarsa, komanda Kanadanın Mərakeşi məğlub etməsini gözləyəcək. Bu halda Belçika və ya Mərakeşdən hansının növbəti mərhələyə adlayacağı digər göstəricilərin hesablanmasaından sonra müəyyənləşəcək.

Səbuhi Həsənov