Dünya 11:52 26.07.2022

Kissinceri Putinin pulları danışdırır - Politoloq

"Kissincer pula, rüşvətə meyilli, hətta bu məsələdə mənəviyyatı olmayan adamdır”.
 
Bunu Qaynarinfo-ya açıqlamasında politoloq Qabil Hüseynli ABŞ-ın keçmiş dövlət katibi Henri Kissincerin "Ukrayna ərazisini Rusiyaya verməməlidir” fikirlərini şərh edərkən deyib. Politoloq bildirib ki, Kissincer həmişə fikir və ideyalarını pula satan adam olub:

"Nə olsun ki, dövlət katibi işləyib. O, Davos forumuna "Skype”la qatılıb deyəndə ki, Ukrayna ərazilərini Rusiyaya güzəşt edib, müharibəni qurtarmalıdır və bunu da Davos kimi nifuzlu bir tribunadan səsləndirdəndə bildim ki, onu pul danışdırıb. Sovet İttifaqının mövcud olduğu dövrdə Moskvanın ikiqat agenti idi, SSRİ-dən ən azı aylıq 50 min dollar məbləğində məvacib alırdı. Ona görə də Rusiya ilə əlaqələri indi pul üstündə qurulub. O, Davos forumunda danışanda böyük ehtimal dedim ki, onu Rusiyanın, Putinin pulları danışdırır. İndi fikirini dəyişdirib, əvvəla qoca kişidir, 99 yaşı var. Onun söylədiyi fikirlərə çox da ehtimad göstərmək lazım deyil. Beyin və yaddaş pozğunluğu var”. 
 


Qabil Hüseynlinin fikirincə, bu nöqteyi nəzərdən onun fikirinin dəyişməsi normaldır:

"Həm də yaşlı olmasına baxmayaraq, çox hiyləgərdir. O, gördü ki, dünya ictimai rəyi, aparıcı politoloqlar, siyasətçilər hamısı Ukraynanın ərazi bütövlüyünü dəstəkləyir və üstəlik də Kiyevə Qərb ölkələri güclü silah yardımı göstərir. Ukrayna xalqı da cəsur, mərd, qorxmaz insanlardır, müharibənin gedişində kəskin dönüş yaratmağı bacardılar. İndi Kissincer də baxıb görür ki, Rusiyanın müharibədə uduzacağı və Ukraynanın ərazi bütövlüyün bərpa edəcəyi 100 % labüddür, bu bic və hiyləgər adam da həm də öz ölkəsindəki ümümxalq tənəsindən qurtulmaq üçün rəyini dəyişib”. 

"Pulsuz danışmayan adamdır. İndi isə görür ki, artıq rüsvayçı vəziyyətdə qalacaq və ictimai rəy də onu ciddi sürətdə qınayacaq, ona görə də mövqeyini dəyişdi. Ondan ancaq bunu gözləmək olardı”, deyə Qabil Hüseynli əlavə edib.

Qeyd edək ki, ABŞ-ın keçmiş dövlət katibi Henri Kissincer mətbuata açıqlamasında Ukrayna ərazisi ilə bağlı bir müddət öncə əvvəl dediyi mövqeyini dəyişib. O, "Ukrayna gələcək sülh danışıqlarında müharibə başlayandan bəri işğal olunmuş əraziləri Rusiyaya verməməlidir” deyə bildirib. 

Bahar Rüstəmli