Ekonomiks 12:14 28.11.2022

“Kreditlər əlçatan olmalıdır” - Deputat yeni təkliflə çıxış etdi

"Kommersiya bankları kreditləri tədqim edən zaman risk faktorunu nəzərə almağa çalışırlar. Praktik olaraq biz bank kreditləri üzrə şərtlərin xeyli dərəcədə sərtləşdirilməsini müşahidə edirik. Nəzərə alaq ki, kreditlərə əlçatanlığın genişləndirilməsi üçün sərtləşdirilməsi arzu olunan deyil”.

Bunu Qaynarinfo-ya açıqlamasında deputat Vüqar Bayramov kredit şərtlərinin dəyişdirilməsindən danışarkən deyib. Deputat bildirib ki, nəticə etibarı ilə bu gün bankların aktiv sərəncamında təxminən 5 milyard manata yaxın passiv vəsaitlər var: 

"Bankların həmin vəsaitləri kredit formasında real sektora, eləcə də digər istiqamətlərə yönətməsi və yeni qaydaların müəyyənləşdirilməsi praktik olaraq şərtlərin sərtləşdirilməsinə gətirib çıxardacaq. Bu baxımdan, kommersiya bankları şərtləri sərtləşdirmək deyil, daha çox əlçatanlığı artırılması ilə bağlı qaydaların müəyyənləşdirilməsinə çalışmalıdır. Birmənalı şəkildə biz həm vətəndaşların, həm də biznesdə, xüsusən real sektorun kreditlərə çıxış imkanlarının artırılması, onların maliyyə resurslarının daha geniş şəkildə paylanmasının tərəfdarıyıq və təkliflərimiz bu istiqamətdədir”. 
 


Qeyd edək ki, yeni ildən kredit şərtlərində dəyişiklik olacaq. Azərbaycan Kredit Bürosu bu istiqamətdə artıq prosesə başlayıb. Vətəndaşların təkcə bank kreditləri deyil, həm də onların inzibati cərimələri barədə məlumatları da kredit bürosunun elektron sisteminə əlavə ediləcək. Banklar kredit müraciətlərinə baxarkən həm yol polisi, həm də digər qurumlar tərəfindən yazılan cərimələri də sistemdə görə biləcəklər. 

Bahar Rüstəmli