Siyasət 17:01 12.08.2022

Krımda aerodromun vurulması: Kiyev niyə tələsir? (ŞƏRH)

İşğal altında olan Krımın Novofederovka kəndi yaxınlığındakı Saki aerodromunda baş verən partlayış Rusiyaya baha başa gəlib. Belə ki, "Forbes Ukraine" nəşrinin yazdığına görə, həmin partlayışla 9 Rusiya hərbi təyyarəsi məhv edilib ki, onun da dəyəri 300 milyon dollardan çoxdur. 

Rusiya müharibənin gedişində bir gündə indiyə kimi bu qədər hərbi təyyarə itirməmişdi. Həmin hadisənin nəticəsidir ki, Krımda istirahət edən rus turistlər geri dönməyə üstünlük verirlər. Bu da artıq müharibə ilə bağlı Rusiya əhalisi arasında panikanın yaranmasının göstəricisi sayıla bilər. 

Onu da xatırladaq ki, hadisənin baş verməsi fonunda Ukrayna Prezidenti Volodimir Zelenski müharibənin Krımın işğalı ilə başladığı kimi, Krımın azad edilməsilə də bitəcəyini bildirib. Bu açıqlama da onu göstərir ki, Kiyev artıq Krım istiqamətində də aktiv fəaliyyətə keçir.

Ümumiyyətlə görəsən, Krımda nə baş verir? 

Məsələ ilə bağlı Qaynarinfo-ya danışan politoloq Tural Rzayev bildirir ki, Krımda baş verən olay Rusiyanın məğlubedilməz mifini dağıtdı:
 


"Ukrayna Rusiyaya hansısa bir şəkildə qarşılıq verməyə çalışırdı. Amma yaxın günlərə qədər bu qarşılıq alınmırdı. Çünki Rusiyanın hərbi maşını güclü idi. Lakin Ukrayna Qərbdən daha güclü silah sistemlərilə təmin edildikdən sonra vəziyyət dəyişməyə başladı. Bəllidir ki, müharibə Rusiya ərazisinə keçməsə, ölkə əhalisinin özü müharibə qoxusunu yaşamasa, Moskva geri addım atmayacaq. Ona görə də Kiyev ilkin olaraq Krımdan başladı. Bu ərazi rəsmi olaraq Ukrayna ərazisi hesab edilsə də, Moskva öz ərazisi sayır. Son olay nəticəsində Rusiyanın əlçatmaz olduğu barədə mif darmadağın edildi”. 

Politoloqun fikrincə, Kiyev qış aylarında Rusiya ilə atəşkəs istiqamətində sülhə gəlməyə məcbur olacağını düşündüyündən Krımda aktivləşməklə həmin dövr ərəfəsi özü üçün əlverişli məqam əldə etmək istəyir:

"Çünki qışa doğru Avropada enerji məsələlərilə bağlı etirazlar baş qaldıra bilər. Nəticədə Avropada Ukrayna məsələsi ətrafında yaranan birliyin parçalanması ehtimalı var. Çünki enerji məsələsi ilə bağlı qışa doğru Rusiya Qərbi parçalaya bilər. Görünür, Kiyev də bunu nəzərə alaraq, yaxın 1-2 ay ərzində təmas xəttində daha ciddi uğurlara imza atmağa çalışır. Ona görə də Kiyev tələsir. O istəyir ki, ABŞ və Böyük Britaniya Ukrayna ilə birlikdə masada olsun və Moskvanı öz şərtlərilə hesablaşmağa məcbur edə bilsin. Ən azından Moskvanı Donbas bölgəsindən geri çəkilməyə məcbur etməyi düşünürlər. Əlbəttə ki, Moskva bu şərtləri qəbul etməyəcək. Ona görə də hadisələrin eskalasiyası qaçılmazdır. Qarşıdakı günlərdə Ukraynanın qış ayları başlamadan hansısa şəkildə razılığın əldə olunmasında maraqlı olduğunu görəcəyik. Çünki qışa doğru Qərb vahid blokda çıxış etməyəcək, bəziləri Rusiya ilə separat danışıqlara gedəcək. Kiyev də ona görə tələsir”. 

Rüfət Sultan