Dünya 17:24 11.03.2023

KTMT-də anormal vəziyyət: Təşkilatı kim və niyə çalxalayır?

"Belə bir təklifin səslənməsi Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatı (KTMT) çərçivəsində anormal vəziyyətin yarandığına işarədir”.
 
Bunu Qaynarinfo-ya açıqlamasında politoloq Natiq Miri Qırğızıstan xarici işlər naziri Jeenbek Kulubayevin KTMT üzvləri arasında mübahisələr və fikir ayrılıqları olduqda güc tətbiq edilməməsi mexanizmlərinin yaradılması təklifini şərh edərkən deyib. Politoloq bildirib ki, hərbi ittifaqda olan ölkələr arasında zaman-zaman toqquşmalar baş verir: 
 
"KTMT hərbi ittifaqdır. Amma burada bir hərbi ittifaqda olan ölkələr arasında zaman-zaman toqquşmaların baş verməsinin şahidi oluruq. Tacikistanla Qırğızıstan arasında dəfələrlə hərbi toqquşmalar baş verib. Hətta Qırğızıstanla Özbəkistan arasında da ərazi məsələsilə bağlı ciddi problemlər yaşanıb. Qazaxıstanın bölgənin digər türk ölkələrilə də problemləri olub. Hələ də bu risqlər qalmaqdadır. Belə bir vəziyyətdə Qırğızıstan XİN rəhbəri tərəfindən səslənən təklif məqsədəuyğundur".
 


Ekspert hesab edir ki, təklifin səslənməsi KTMT çərçivəsində böyük bir boşluğun olduğuna işarədir: 

"Ermənistanın KTMT-yə münasibəti heç də yaxşı deyil. Bu ölkə artıq qurumun heç bir hərbi təlimində iştirak etmir. Hətta İrəvan KTMT-nin baş katibinin müavini postundan da imtina etdi. Bu onu göstərir ki, KTMT silkələnir. Ukraynada Rusiyanın uğursuzluğa düçar olması fonunda bu qurumda da mərkəzdənqaçma prosesləri sürətlənəcək”. 

Natiq Miri bildirir ki, Qırğızıstan rəsmisinin açıqlaması KTMT-də çatların və qeyri-normal mühitin olduğunu da ortaya qoyur. Ekspertə görə, səslənən təklif həmçinin Rusiyanın işğalçılıq siyasətinin gələcəkdə tamamilə məhdudlaşdırılmasına hesablanmış addımdır. 

Qeyd edək ki, Qırğızıstan XİN rəhbəri Jeenbek Kulubayev KTMT Baş katibi İmanqali Tasmaqambetovla görüşü zamanı KTMT üzvləri arasında mübahisələr və fikir ayrılıqları olduqda güc tətbiq edilməməsi mexanizmlərinin yaradılmasını təklif edib. 

Rüfət Sultan