Siyasət 13:39 28.10.2022

KTMT toplanır: Regiona nəzarət uğrunda açıq savaş başlayır - Zərdüşt Əlizadə

Bu gün Kollektiv Təhlükəsizlik Şurasının (KTMT) növbədənkənar sessiyası keçiriləcək. Sessiyada KTMT-nin Azərbaycan-Ermənistan sərhədindəki missiyasının işinin nəticələri müzakirə olunacaq.

Toplantıda Rusiya Prezidenti Vladimir Putinin də iştirakı gözlənilir. Belə bir sessiyanın çağırılması təşəbbüsü ilə Ermənistan çıxış edib. Sentyabrın 12-13-də Ermənistanın geniş miqyaslı təxribatlarına cavab olaraq Azərbaycan Ordusu hücuma keçərək, bir sıra mühüm əhəmiyyətli yüksəklikləri azad edib. Bu fonda hələ də Azərbaycanla sərhədi müəyyənləşdirməyən İrəvan guya, Azərbaycanın sərhədləri pozduğunu bəyan edərək, KTMT-ni köməyə çağırıb.

Bu məsələ ilə bağlı KTMT missiyası Ermənistanda olub. Təklifin müəllifi isə Rusiya Prezidenti olub. Qurumun missiyası sentyabrın 16-dan Ermənistanda işə başlayıb. Sentyabrın 20-də isə baş katib Stanislav Zasın rəhbərlik etdiyi missiya Azərbaycan-Ermənistan sərhədindəki vəziyyəti öyrənmək və deeskalasiya ilə bağlı təkliflər hazırlamaq üçün Ermənistana gedib. Missiya mövcud vəziyyəti qiymətləndirmək, regiondakı vəziyyətlə bağlı KTMT-yə üzv dövlətlərin başçılarına ətraflı məruzə hazırlamaq və Azərbaycanla sərhədin müəyyən yerlərində yaranmış gərginliyin aradan qaldırılması üçün təkliflər hazırlamalı idi. Çox güman ki, artıq həmin təkliflər hazırdır. Ona görə də KTMT-nin növbədənkənar sessiyası keçirilir. 

KTMT bu istiqamətdə hansı nəticəyə gələcək?



Qaynarinfo-ya açıqlamasında politoloq Zərdüşt Əlizadə bildirib ki, qurum bu mövzuda heç bir qərar verməyəcək:
 
"Hərbi müdaxilə qərarı verə bilməzlər. Rusiya Azərbaycanla müharibədə maraqlı deyil. KTMT Azərbaycanın Ermənistan sərhədini pozduğunu deyə bilməz. Çünki sərhədlər yoxdur, müəyyən edilməyib. Sərhədlər yoxdursa, Azərbaycan nəyi pozub ki? Azərbaycan sərhədlərin delimitasiyasında maraqlıdır. İrəvan isə ondan boyun qaçırır. Ona görə də şikayət etməyə heç bir əsası yoxdur. Müşahidə missiyasının əsas məqsədi Qərbin regiona daxil olmasna imkan verməməkdir. Bu da ondan irəli gəlir ki, regiona nəzarət uğrunda böyük qüvvələrin rəqabəti gedir”. 

Rüfət Sultan