Ölkə 11:50 09.01.2023

Laçın dəhlizinə güclü qar yağır: Aksiya isə davam edir

"Yanvarın 7-dən axşam saatlarından etibarən Şuşaya qar yağması ilə hava şəraiti kəskinləşib. Hazırda qar dayansa da, şaxtalı hava şəraiti davam edir”.
 
Bunu Qaynarinfo-ya açıqlamasında İTV-nin Qarabağ bürosunun rəhbəri Şöhrət Eyvazov Rusiya sülhməramlılarının müvəqqəti nəzarətində olan Şuşa-Xankəndi yolunda bir qrup eko fəalın başlatdığı aksiyadan danışarkən deyib. Şöhrət Eyvazov bildirib ki, hava şəraiti ilə bağlı müəyyən çətinliklər olsa da, onların öhdəsindən gəlinir: "İsti yeməklər, çay və digər problemlər həllini tapır. Şuşa şəhəri ilə bağlı əlaqə üçün yollar təmizlənib. Bizim müşahidə etdiyimiz Laçın-Xankəndi yolundan yanvarın 8-də rus sülhməramlılarının cəmi bir hərbi avtomobili Xankəndindən Laçına, Laçına isə Xankəndinə geri dönüb. Axşam saatlarında isə bir neçə gün əvvəl Azərbaycan ordusunun mövqelərinə yaxınlaşmış erməni aksiyaçısı dinc şəkildə Xankəndinə yola salınıb. Hətta ona ərzaq yardımı da edilib”. 

Şöhrət Eyvazov əlavə edib ki, dekabrın 12-dən Laçın Xankəndi yolunun Şuşa yaxınlığından keçən hissəsində bir qrup eko fəalın başlatdığı aksiya iştirakçılarının başlıca tələbi qüvvəsindəd qalır:"Yol istər humanitar məqsədlər, istərsə də sivil vətəndaşların keçidi üçün tam açıqdır, tələblər yalnız və yalnız Qarabağın müvəqqəti olaraq rus sülhməramlılarının yerləşdiyi ərazilərində uzun müddətdir ki, istismar edilən faydalı yataqlarında vəziyyətin öyrənilməsi, ekoloji cinayətlərə son qoyulması ilə bağlıdır”. 

Şöhrət Eyvazov vurğulayıb ki, tələblər yerinə yetirilənə kimi dinc aksiya davam edəcək:"Son günlərdə ekoloji fəaların başlatdığı aksiyada daha çox gənclər müşahidə olunmaqdadır. Müxtəlif təşkilatların könüllüləri aksiyada iştirak edirlər. Onlar gənclik enerjisi ilə bu tarx yazmaqdan məmmurn olduqlarını bildirirlər”. 

Bahar Rüstəmli