"Tezliklə Laçın rayonu Azərbaycan ordusunun tam nəzarətində olacaq”.
Qaynarinfo xəbər verir ki, bunu Milli Məclisin deputatı Vüqar Bayramov deyib. Deputat 1992-ci ildə Laçının Ermənistan tərəfindən işğal olunan günlərdə çəkilən bir videonu paylaşıb. Videoda insanların illərlə qənaət edib qurduqları evlərin işğalçılar tərəfindən yandırıldığı əks olunub. Vüqar Bayramov deyir ki, 30 ildən çox işğal həyatı yaşayan Laçın şəhəri yenidən öz doğma sahiblərinə qovuşacaq:
"Laçın işğaladək Şərqi Zəngəzurun aparıcı rayonlarından olub. Rayonun işğalı nəticəsində 1 şəhər, 1 qəsəbə, 125 kənd, 13745 fərdi yaşayış evi, 48 sənaye, 63 kənd təsərrüfatı obyekti, 109 təhsil, 142 səhiyyə, 217 mədəni-maarif müəssisəsi, 460 ticarət obyekti, 30 rabitə qovşağı ermənilər tərəfindən dağıdılaraq yandırılıb. 2010-ci ildə Laçın Rayon İcra Hakimiyyətinin hakimiyyətinin apardığı qiymətləndirmələrə görə, bütövlükdə, rayonun işğalı ilə əlaqədar əhaliyə dəyən ziyan 9,1 milyard ABŞ dolları təşkil edib. Hazırda işğaldan azad olunan ərazilərimiz üzrə dəymiş ziyanın beynəlxalq metodologiyaya uyğun hesablanması başa çatmaq üzrədir və budan sonra daha konkret rəqəmlər qeyd etmək mümkün olacaq. Bununla yanaşı, dəymiş ziyan sadəcə əmlakın məhv edilməsi deyil, həmçinin 30 illik işğal müddətində həmin ərazilərdəki təbii ehtiyatların talanması və torpaqlardan istifadə ilə də ölçülür. Digər tərəfdən, işğal nəticəsində 47.2 min sakinimizin məcburi köçkün həyatı yaşaması beynəlxalq metodologiyada əsas xərclərdən hesab olunur”.
Deputat Laçın rayonunun Azərbaycan üçün strateji əhəmiyyət daşıdığının əhəmiyyətini açıqlayıb:
"Laçın böyük iqtisadi potensiala malikdir.İşğaldan əvvəl Laçın rayonu kənd təsərrüfatı, bir sıra sənaye məhsullarının istehsalında, xüsusilə aqrar sektorda heyvandarlığın inkişafında respublikada öndə gedən rayonlardan hesab olunurdu. Laçın rayonu kifayət qədər təbii ehtiyatlara malikdir. Rayonda dəmir, mis, mərmər və digər inşaat materiallarının istehsalı üçün xammal ehtiyatları var ki, bu da rayonda emaledici sənaye müəssisələrinin formalaşmasına zəmin yaradır. Laçın, eyni zamanda, turizm baxımından, o cümlədən, yay və qış turizminə malik seçilən rayonlardandır. Laçın rayonu bərpa prosesindən sonra qısa bir zamanda Azərbaycanda iqtisadi inkişafa dəstək verən aparıcı rayonlardan birinə çevriləcək”.
Bahar Rüstəmli
Şərhlər