Ölkə 10:58 12.08.2022

Laçın şəhərində nə qədər erməni yaşayır?

"Ermənistan ilə Qarabağ İqtisadi Rayonunu birləşdirən Laçın dəhlizinə alternativ yolun Azərbaycan ərazisindəki inşaatı başa çatıb. "Qisas” əməliyyatından 1 gün sonra İrəvan da Laçın dəhlizinə alternativ yolun Ermənistan ərazisindən keçən hissəsinin tikintinsə başladığını elan etdi. 36 kilometrlik yolun cəmi 4 km-i Ermənistan ərazisinə düşsə də, qarşı tərəf prosesi yubatmağa çalışırdı. 2 həftə ərzində isə qeyri-qanuni məskunlaşmış ermənilər Laçın şəhəri və Zabux kəndini tərki etməlidirlər”.


Qaynarinfo xəbər verir ki, bunu Milli Məclisin deputatı Vüqar Bayramov deyib. Deputat 1992-ci ildə Laçın şəhərinin 7 829 sakini olduğunu deyib:


"İşğaldan əvvəlki son siyahıyaalmaya əsasən şəhərdə yaşayanların 99.1 faizi azərbaycanlılar idi. 2003-cü ildən etibarən isə əsasən Yaxın Şərqdə yaşayan erməni ailələrin şəhərdə məskunlaşmasına başlanılıb. Ermənistan statistik mənbələrinə əsasən, şəhərdə təxminən 500 erməni ailəsi və ya 2,190 erməni məskunlaşdırılıb. Növbəti 10 ildə qeyri-qanuni məskunlaşmış ermənilərin bir qismi sosial səbəblərdən şəhəri tərk edib. İkinci Qarabağ müharibəsindən sonra köç daha da sürətlənib. Hazırda şəhərdə cəmi 120 erməninin qaldığı güman edilir. Onlar isə avqustun 25-dək qanunsuz məskunlaşdığı əraziləri tərk edəcəklər”.

 

Vüqar Bayramov bildirib ki, 1992-ci ildə Laçın rayonunu işğal etməklə 50 min sakinimizi 30 il məcburi köçkün həyatı sürməyə məcbur edən işğalçı ölkə indi 2003-cü ildən sonra o ərazilərimizdə qeyri-qanuni məskunlaşdırdığı ailələrin Azərbaycan torpaqlarını tərk etməsini də faciə kimi təqdim etməyə çalışır:

 

"Halbuki, prosesin növbəti mərhələsi Laçın daxil olmaqla ərazilərimizin işğalı nəticəsində dəymiş ziyana görə işğalçıdan beynəlxalq hüquq prinsiplərinə uyğun təzminatın tələb edilməsidir. Dəymiş ziyan isə milyard dollarla ifadə olunur”.

 

Bahar Rüstəmli