Hüseynbala Səlimov
Siyasət 09:34 29.08.2022

Laçından sonra görünən yol

Hüseynbala Səlimov

Hər şey başa çatanda asan görünür. Bunun İkinci Qarabağ savaşına nə qədər aid olduğunu deyə bilmərərəm. Amma savaş bitəndən belə söhbətlər gəzir ki, əslində biz rus sülhməramlılarının Dağlıq Qarabağda yerləşməsinə razılıq verməklə işğal olunmuş rayonlarımızı çoxdan, on illər bundan əvvəl qaytara bilərdik. 

Nə demək olar bu haqda? Düzdür, belə söhbətlər dolaşırdı və ruslar hər dəfə "Dağlıq Qarabağ probleminin açarı Rusiyadadır” deməklə buna işarə edirdilər. Amma bu söhbətlərdə iki rayonun – Şuşanın və Laçının adı çəkilmirdi. Onların qaytarılmasını biz təsəvvür belə etmirdik, çünki Şuşanı ermənilər özlərinin əsas şəhərlərindən biri hesab edir, Laçın isə Dağlıq Qarabağa aparan dəhlizin üzərində yerləşir və humanitar dəhliz hesab edilirdi. Bir daha Şuşaya gəldikdə isə, onun hətta nə vaxtsa hərblə qaytarılacağını təsəvvür belə etmirdik.

Amma indi bunlar reallıqdır – Şuşa da, Laçın da qaytarılıb. Şuşa çoxdan bizim nəzarətimizdədir, Laşın isə bu yaxınlarda Azərbaycanın nəzarətinə keçdi. Ermənistanda bərk çaxnaşmadır. Müxalifət yaxınlarda böyük etiraz aksiyası keçirəcəyi ilə hədələyir. Soruşula bilər ki, necə olur ki, Rusiya bir tərəfdən sülh prosesinə dəstək verir, digər tərəfdən də rus yönümlü müxalifət Ermənistanda at oynadır?

Məsələ bundadır ki, erməni müxalifətini ruhlandıran Rusiya deyil, digər həmsədrlər –ABŞ və Fransadır. Onlar sülh prosesindən bərk narazıdırlar. Amma başa düşmək olmur ki, bu cənabları nə əndişələndirir? Belə güman etmək olar ki, onlar ümumiyyətlə, münaqişənin həllindən narazı qalıblar. Bunlara lazımdır ki, münaqişə daha otuz il uzansın və erməni tərəfinin üstünlüyü saxlanılsın. 

Amma belə olmayacaq. Həmsədrlərin üzücü səfərləri, mənasız görüşlər artıq arxada qaldı. O ki qaldı münaqişədə Avropa ölkələrinin iştirakına, prosesdə Avropa İttifaqı yaxından iştirak edir. Avropa İttifaqı Şuarsının prezidentinin iştirakı ilə bir neçə görüş də keçirilib...
Erməni müxalifəti nəyəsə nail ola biləcəkmi? Düşünmürük. Onlar nəsə edə bilsəydilər, bu vaxta qədər edərdilər. Cəmiyyət Nikol Paşinyanı və onun hakimiyyətini dəstəkləyir.

İndi qarşıdan Zəngəzur prosesi gəlir. Burada müəyyən çətinliklər mümkündür. Belə deyilir ki, Tehran da prosesi tormozlayır. Burada İranı narahat edən üç məqam var. Birincisi, ümumilikdə Azərbaycanın güclənməsi İranın marağında deyil. İkincisi, İran regionda daha bir çıxışını – Ermənistana çıxışını itirmək istəmir. Üçüncüsü, İran bölgədə türk dövlətlərinin güclənməsini arzulamır. Belə ki, Zəngəzur dəhlizi türk dövlətləri üçün ümumi dəhliz ola bilər.

Bir sözlə, proses ləng də olsa gedir. Pessimist ovqatlı təhlilçilər iddia edir ki, çox da nikbin olmaq üçün əsas yoxdur, çünki Rusiyanın bölgədəki siyasəti Ukrayna ilə müharibənin nəticəsindən asılı olacaq. Amma biz belə hesab edirik ki, güzəştlər də simmetrik olamalıdır, Azərbaycan dəhliz əvəzinə dəhliz almalıdır. Odur ki, prosesin gələcəyini izləməyə dəyər. Hər halda, nikbinik. 
Hətta Rusiya-Ukrayna müharibəsi Kremlə sürətli qələbə vəd etmir – Kiyev bu qışı da başa vursa, onda Ukraynanın müharibəni uda bilməsi də istisna olunmur...