Dünya 12:16 06.06.2022

Lavrovun Serbiyaya səfəri ləğv edildi: Təyyarəsini uçmağa qoymadılar

Rusiyanın xarici işlər naziri Sergey Lavrovun Serbiyaya səfəri qonşu dövlətlərin onun təyyarəsi üçün hava məkanını bağladığına görə ləğv edilib.
Qaynarinfo "Politico” saytına istinadla xəbər verir ki, bu barədə Rusiyanın dövlət İnterfaks mətbuat agentliyi məlumat yayıb.

Serbiyanın "Danas” qəzeti yazır ki, Bolqarıstan, Şimali Makedoniya və Monteneqro Lavrovun təyyarəsini öz hava məkanına qəbul etməyi qadağan edib. 
Rusiya XİN-dəki bir mənbəsi "İnterfaks”a istehza ilə deyib: "Bizim diplomatiyamız hələ teleportasiyaya qabiliyyətinə malik deyil”.

Moskvaya qarşı sanksiyaların nəticəsi olaraq üç ölkə öz hava məkanından istifadə etməyi Rusiya üçün qadağan edib. Ancaq aprel ayında ən azı bir istisna olub. Bir rus təyyarəsi Serbiyadan rus diplomatlarını götürmək üçün Bolqarıstan hava məkanından istifadə edib. 

Lavrovun səfəri Serbiya prezidenti Aleksandar Vuçiçin ölkəsinin Moskva ilə "son dərəcə əlverişli” təbii qaz müqaviləsi bağladığını bildirməsindən sonra elan edilib. Danas xəbər verir ki, Rusiya xarici işlər naziri ilə görüşmək əvəzinə, indi Serbiya prezidenti Vuçiç Rusiyanın Belqraddakı səfiri ilə görüşəcək.

Nurlan Hüseynov