Hüseynbala Səlimov
Dünya 10:30 17.10.2022

Lenindən, yoxsa Syaopindən öyrənməli?..

Sovetlərin vaxtında kommunist partiyasının plenumları, qurultayları keçirilirdi və onlar dərhal tarix olurdular. Şagirdləri və tələbələri onları öyrənməyə məcbur edir, bu materiallar dərsliklərə salınırdı.

Bütün bunları niyə xatırladıq? Bəli, bu günlərdə oxuduq ki, Çin kommunist partiyasının plenumu keçirilib və çinli kommunistlər sovetlərin təcrübəsini müzakirə edib öyrəniblər ki, Sovet İttifaqının taleyini yaşamasınlar.

Prinsipcə, çox yaxşı qərardır, ağıllı adamlar adətən başqalarının səhvlərindən öyrənirlər. Amma çinlilərin öz təcrübəsi var. Birincisi, ona aydınlıq gətirək ki, niyə görə çinlilər kommunist partiyasından belə bərk-bərk yapışıblar? 

Onlar deyirlər ki, Mao və onun rəhbərlik etdiyi kommunist partiyası Çini birləşdirdi və müstəqil etdi. 

Bu baxımdan Çin kommunist partiyasının tarixi təcrübəsi tamam fərqlidir. Sovetlər dünya müharibəsində çar Rusiyasının məğlub olmasına nail oldular, baxmayaraq, sonradan özləri daha böyük imperiya, bolşevik imperiyası yaratdılar.

Ona görə də kommunist partiyası Çinin tarixində heç vaxt unudulmayacaq və daim anılacaq. Amma o, əbədi də olmayacaq, çünki Çindəki hazırki avtoritar rejim nə vaxtsa yerini daha demokratik rejimə verəcək. Üstəlik, Çinin öz islahatlar təcrübəsi, Maodan başqa Den Syaopinləri var. Sonuncunun məşhur sözləri var: pişiyin hansı rəngdə olmasının əhəmiyyəti yoxdur, əsas odur ki, o, siçanı tutsun. Beləcə deyib, Syaopin islahatlara start verdi və nəticədə tamam qeyri-kommunist iqtisadiyyat yaratdı. Amma burada bir məqam var. Hələ məlum deyil ki, Lenin bir az çox yaşasaydı, kommunits quruluşuna hansı korrektələr edəcəkdi? Sovetlərin ilk vaxtlarında Yeni İqtisadi Siyasət (rusca: NEP) tətbiq edildi. Amma Leninin ölümündən sonra onu tamam ləğv etdilər və xüsusi mülkiyyətin ən qabarıq forma aldığı kənd təsərrüfatında kollektivləşmə apardılar və tamamilə dövlət planlı iqtisadiyyatına keçdilər.

Əsas odur ki, çinlilər Den Syaopinin yolundan sapmasınlar, iqtisadiyyatın ideologiyasızlaşdırılması xəttini davam etdirsinlər. Amma ölkənin indiki lideri bu xətdən bir az kənara çıxır, Çinin ideoloji düşmənləri peyda olub, ABŞ və digər ölkələr ideoloji düşmən kimi yamanlanır. Bax, bu, ən təhlükəli tendensiyadır. Həm də sual yaranır: doğrudanmı, səmaaltı dövlətin kommunist partiyasına, təkpartiyalı siyasi sistemə hazırda ehtiyacı var?

Düşünmürük. Həm də avtroritar rejim gec-tez yerini demokratik rejimə verir, çünki o, əbədi deyil. İlk çağlarda avtoritar rejim hətta effektli görünür, çünki o, iqtisadiyyatın inkişafı üçün çox zəruri olan sabitlik və stabillik yaradır. Amma sonradan o, iqtisadiyyatın inkişafını ləngitməyə və ona əngəl olmağa başlayır. Bizə elə gəlir ki, Çində məhz bu mərhələ başlayır, ideologiya yenidən iqtisadiyyata sirayət etməyə, onun sağlam gedişinə müdaxilə etməyə başlayır.
Kommunist partiyasının indiki çabaları ölkənin problemləri ilə yox, daha çox kommunistlərin öz problemləri ilə bağlıdır – bəli, kommunistlər öz hakimiyyətlərini itirməkdən qorxurlar. Bu, hər yerdə belə olub: avtoritar rejimlərin liderləri öz siyasi modellərinə bəzək vurmağı, xalqın gözündə onu dirçəltməyə çalışmağı sevirlər. Amma əbəs cəhddir. O, şey ki, siyasi səhnədən getməlidir, onu saxlamağa çalışmağa dəyməz...
 
Hüseynbala Səlimov