Dünya 12:39 20.06.2022

London müharibənin davam etməsində maraqlıdır - Politoloq

Ukrayna məsələsində Qərb ölkələri arasında mövcud olan fikir ayrılığı get-gedə daha da dərinləşir. Fransa, Almaniya və İtaliya liderlərinin Kiyevə səfərinin sabahı günü Böyük Britaniya baş naziri Boris Conson da Ukraynaya gəlib. Maralıdır ki, Birtaniya baş naziri yuxarıda qeyd edilən 3 ölkənin liderlərilə birgə gəlmək imkanına malik olsa da, Kiyevə təkbaşına gəlib. 

Qeyd edək ki, hələ səfərdən öncə bəzi Qərb mətbuatında Fransa, Almaniya və İtaliya rəhbərlərinin Kiyevə gəlişinin məqsədinin müharibənin dayandırılması, atəşkəsin elan olunması və Rusiyaya müəyyən güzəştlərin edilməsi olduğu barədə məlumatlar yer almışdı. Düzdür, bu səfər barədə verilən açıqlamalar əsasən Paris, Berlin və Romanın Kiyevin Avropa Birliyinə namizədlik statusunun dəstəklənməsi istiqamətidə olduğunu düşünməyə əsas verir. Amma görünür, ortada başqa hansısa qaranlıq məqamlar olub. Çox güman ki, Consonun Kiyevə gəlişi də məhz həmin qaranlıq məqamlarla bağlı olub. 

Məsələ ilə bağlı Qaynarinfo-ya açıqlama verən politoloq Tural Rzayev düşünür ki, Böyük Britaniya baş naziri Boris Consonun Fransa, Almaniya və İtaliya liderlərilə birgə deyil, onların səfərindən dərhal sonra Kiyevə gəlməsi fərli mövqe nümayişidir:

"Paris, Berlin və Romadan sona qədər Kiyevə dəstək verəcəklərilə bağlı gələn açıqlamalar daha çox söz yığınından ibarətdir. Bu 3 ölkənin əsas məqsədi Ukrayna ilə Rusiya arasında sülh müqaviləsinin imzalanmasına nail olmaqdır. Bunun yolu isə aydın məsələdir ki, Ukraynanın ən azından atəşkəs səviyyəsində indiyə kimi itirdiyi ərazilərdən imtina etməsindən keçir. Kiyev indiki halda buna getməz. Belə bir addım atsa, Zelenskini böyük ehtimalla mərkəzi meydanda dar ağacından asarlar. Böyük Britaniya isə Zelenskiyə həm sözdə, həm də gizli razılaşmalarla dəstək verməklə, onu təslim olmamağa çağırır. London Ukrayna ilə Rusiya arasında atəşkəsin olmasını istəmir. Böyük Britaniya ordu rəhbərlərindən qərargah rəisi açıqlama verib ki, Rusiyaya qarşı döyüşə hazır olmalıdırlar. "Heç kəs düşünməsin ki, biz rahatlığımıza alışdığımızdan, döyüşməyəcəyik. Britaniya hər 4 aya 10 min Ukrayna əsgərini təlimdən keçirməyi düşünür. Bu onu göstərir ki, London müharibənin davam etməsində maraqlıdır”. 

Rüfət Sultan