Dünya 11:46 21.12.2022

Loyallıq müqabilində Rusiya üçün poliqon - Putinin 3 il sonra Minskə ilk uçuşu

Rusiya prezidenti Vladimir Putin dekabrın 19-da 2019-cu ildən bəri ilk dəfə Belarusa uçub. Rusiyanın xarici işlər naziri Sergey Lavrov və müdafiə naziri Sergey Şoyqu da Minskə gəlib. Danışıqlardan sonra Putin və Lukaşenko vahid müdafiə məkanının yaradılması ilə bağlı razılıqların əldə olunduğunu bəyan ediblər. Beləliklə, tərəflər birgə hərbi təlimlər praktikasını davam etdirmək, hərbi texnika hazırlamaq və istehsal etmək, Qərb ölkələrinin sanksiyalarına qarşı "səmərəli və birgə” mübarizə aparmaq qərarına gəliblər. 

Belaruslu siyasi analitik Artyom Şraybman "The Insider” qəzetinə müsahibəsində qeyd edib ki, bu görüş Belarusun suverenliyini və ya onun Ukraynakı müharibədə tam iştirakını müzakirə etmək üçün deyil, Aleksandr Lukaşenkoya ölkə daxilində mövqeyini sabitləşdirməyə kömək edəcək razılaşmalar yaratmaq üçün keçirilib.

Loyallıq müqabilində Rusiya üçün poliqon

Belarusun suverenliyi hazırda Putin üçün prioritet deyil. Onun üçün kifayətdir ki, Belarus Kremlin tələb etdiyi və ya ondan xahiş etdiyi hər şeyi verən sadiq müttəfiqdir. İlk növbədə, Lukaşenko, ölkənin Rusiya üçün poliqona çevrilməsi səbəbindən sadəcə "daralan” suverenlik əldə etmir, o, siyasi və iqtisadi dəstək alır. Putin onun daxili mövqeyini sabitləşdirir. Hamı başa düşür ki, Lukaşenkoya qarşı istənilən etiraz təkcə Belarusun deyil, həm də Rusiyanın güc maşını ilə toqquşacaq. Üstəlik, ucuz neft və qaz, eləcə də Belarusun sanksiyalarına məruz qalan məhsulların Rusiya bazarlarına çıxış.

Lavrov və Şoyqu Minskdə

Biz nə Lavrov, nə də Şoyqu xətti üzrə mühüm əhəmiyyətli razılaşmalara aid işarələr görürük. Şoyqu bundan əvvəl də Minskə gəlib və onlar Belarus Müdafiə Nazirliyi ilə əvvəlki razılaşmalardan birini dəyişdirilməsi haqqında protokol imzalayıblar, buna görə də burada onun xüsusi yeni rolunu görmürəm. Ola bilsin ki, yaxın günlərdə nəsə öyrənərik. Hələlik bu haqda məlumat azdır.

Belarusun Ukrayna ilə müharibədə iştirakı

Putinin Lukaşenkodan onunla müharibədə tam şəkildə iştirakını istəməsi ilə bağlı heç bir sübut yoxdur. Lukaşenkonun müqavimət göstərməsi, Putinin ona təzyiq etməsi ilə bağlı bu narrativlər bizi yanıldır. Əslində, belə bir vəziyyətlə bağlı heç bir dəlili və bir təzyiq əlaməti də yoxdur. Əks prosesin baş verdiyini göstərən çoxlu əlamətlər var – Putin Lukaşenkonun gördüyü işlərdən razıdır və onu müntəzəm olaraq iqtisadi dəstəyin bəzi yeni porsiyaları ilə mükafatlandırır. Bunlar Belarus üçün neftin ucuzlaşması, üç il ərzində sabit qaz qiymətləri, yeni kreditlər və köhnələrin restrukturizasiyası, Rusiyanın idxalı əvəzləmə imkanlarıdır. Bütün bunlar təzyiq və məcburiyyət kampaniyasına oxşamır.

Rusiya Federasiyasının sistemində Belarus idarəetmə orqanları

Bir il əvvəl imzalanmış qanunvericiliyin uyğunlaşdırılması prosesi gedir. Bu, Belarus və Rusiyanın Birlik Proqramları adlandırılıb - iki ölkənin qanunvericiliyinin yaxınlaşdırılmasını nəzərdə tutan 28 inteqrasiya proqramını təsdiqləyən bir fərman. Bu, dövlət orqanlarının birləşdirilməsi və ya ümumi orqanların yaradılması deyil, bunların heç biri orada yazılmayıb. Orada yaradılan orqanlar, əslində heç bir səlahiyyəti olmayan müştərək Vergi komitəsi istisna olmaqla, məşvərət xarakteri daşıyır və səslər bərabər bölünür. Bu hara qədər gedəcək hələ bəlli deyil. Bu, Putinin bu proses üçün nə qədər pul ödəməyə hazır olacağından, müharibənin nə qədər davam edəcəyindən və Putinin Rusiyada nə qədər hakimiyyətdə qalacağından asılıdır. Proses davam edəcək, lakin gözlənilən intensivliklə deyil. Çətin ki, Putin inteqrasiyaya aid mühüm əhəmiyyətli sənədə imza atsın. Bu, Lukaşenkonun maraqlarına ziddir, o öz hakimiyyəti üçün mübarizə aparacaq. 

Nizami Bağırov