Ekonomiks 11:04 16.12.2022

Manatın məzənnəsi: Mərkəzi Bankın mövqeyi necə olacaq?

"Azərbaycan üzən məzənnə rejiminə keçmədiyi üçün manatın məzənnəsi birbaşa Mərkəzi Bankının qərarından asılıdır. Mərkəzi Bank prosesə tam intervensiya imkanlarını qoruyub saxlayır”. 

Qaynarinfo xəbər verir ki, bunu Milli Məclisin deputatı Vüqar Bayramov ABŞ Federal Ehtiyatlar Sistemi (FED) yenidən uçot dərəcəsinin artırılması ilə bağlı qərarını şərh edərkən deyib. Deputat bildirib ki, bu qərardan sonra manatın məzənnəsinin necə dəyişməsi birbaşa Azərbaycan Mərkəzi Bankının mövqeyindən asılı olacaq.

V. Bayramov əlavə edib ki, uçot stavkası 4.4 faiz müəyyənləşdirilən Birləşmiş Ştatlarda 2007-ci ildən sonra ən yüksək dərəcə tətbiq olunur:

"2022-ci ildə dollar 6 səbət valyutaya nisbətən kəskin möhkəmlənsə də son qərardan sonra birjalara ciddi dalğalanma müşahidə olunmur. İllik artımlardan sonra praktik olaraq qlobal valyuta bazarı bu addımlara hazır idi”.
 


Azərbaycanda da dollar bahalaşa bilərmi?

Vüqar Bayramov bildirib ki, Azərbaycan Mərkəzi Bank ilin sonunadək manata təhdidlərin olmadığını bildirib:

"2022-ci il artıq başa çatmaqdadır. Mərkəzi Bankın 2023-cü il üçün pul-kredit siyasətininin ümumi istiqamətlərində baş bank maliyyə stabilliyini qoruyub saxlamağa çalışacağını bəyan edib. Bununla yanaşı, Mərkəzi Bankda gələn il manata təsir edən faktorlarında nəzərə alınacağı gizlədilmir. Göründüyü kimi, gələn il xarici faktorlar məzənnəs siyasətinin həyata keçirilməsində heç də az əhəmiyyətli olmayacaq. Amma Mərkəzi Bank tərəfindən mövcud məzənnə siyasəti nəzərə alınmaqla daha uzun müddətli dövr üçün rəsmi proqnozların elan edilməsi məqsədəuyğun olardı. Bu milli valyutada yığımlar və uzun müddətli sərmayə qoyluşları, xüsusən də yerli investisiya baxımdan da vacibdir. Əvvəllər də qeyd etdiyimiz kimi, manatın məzənnəsinə ölkəyə daxil olan valyutanın həcmi, xüsusən də Dövlət Neft Fondu tərəfindən hərraca çıxarılan valyutanın məbləği təsir göstərir. Neft Fondunun hərraca çıxartdığı vəsaitlərin həcmi dollara olan tələbin ödənilməsində çox önəmlidir. Bu da təbii ki, manatın məzənnəsi baxımından vacib hesab olunur. Təbii ki, xarici ticarət tərəfdaşlarımızda milli valyutalarının məzənnələrindəki dəyişikliklər də iqtisadi faktorlardan biridir”.

Bahar Rüstəmli