Dünya 14:30 25.06.2022

Medvedev Moldovanı sanksiyalara qoşulmaq istəyinə görə hədələdi

Moldova Rusiyaya qarşı sanksiyalara qoşulmağa hazırdır. Kremldən bildiriblər ki, bu qərarın cavabı özünü çox gözlətməyəcək.

Bu barədə Qaynarinfo Rusiya Federasiyası Təhlükəsizlik Şurasının sədr müavini Dmitri Medvedevin bəyanatına istinadən xəbər verir.

"İndi onlar parovozun qabağında qaçırlar. Aİ-yə üzv olmadan yeni sahiblərini sevindirməyə çalışaraq ölkəmizə qarşı Avropa sanksiyalarına qoşulmağa hazırdırlar. Olsun. Onda yüz faiz əmin ola bilərlər ki, bizdən nəinki "bahalı” enerji və digər resursları, ümumiyyətlə, heç nə ala bilməyəcəklər. Qoy onlar Aİ-yə daxil olmadan sanksiyalardan həzz alsınlar”.

Medvedevin fikrincə, Moldova dövlətçiliyinin sürət qazanmış devalvasiyası Ukrayna nümunəsinə uyğun gedir - Rusiyaya nifrət ön plana çəkilir.

"Əgər Rumıniya tərəfindən Moldovanın birləşdirilməsi ətrafında ciddi söz-söhbətlər başlasa, nəzərə almaq lazımdır ki, Dnestryanıda 220 minə yaxın Rusiya vətəndaşı yaşayır...” - o əlavə edib.

Xəbər verdiyimiz kimi, Moldova Aİ-nin uzatmaq niyyətində olduğu Rusiyaya qarşı sanksiyaları dəstəkləyəcək. Belə ki, Avropa İttifaqına namizəd statusu Avropa ölkələri ilə həmrəyliyin təzahürü deməkdir.

Xatırladaq ki, bundan əvvəl Medvedev Qərbi nüvə silahından istifadə etməklə hədələmişdi. Onun fikrincə, Rusiyaya qarşı "proksi” müharibəni başlayan məhz Qərb olub. Və belə bir hərbi münaqişə həmişə nüvə silahının istifadəsi ilə tam hüquqlu müharibəyə çevrilmək riski daşıyır.

Nizami Bağırov