Siyasət 16:00 13.10.2022

Mehman Əliyev: “Turan layihəsinin gerçəkləşməsi mümkündür” (ŞƏRH)

Böyük güclərin Orta Asiya uğrunda savaşı artıq açıq müstəviyə keçib. ABŞ, Rusiya və Çin regionda ən fəal oyunçulardır və onlar bölgəyə nəzarət iddiasında olduqlarını gizlətmirlər. Müşahidələr göstərir ki, SSRİ dağılandan sonra faktiki olaraq Rusiyanın təsir dairəsində olan Orta Asiya ölkələri Kremldən qopmağa çalışır. 

Orta Asiyada rəqabətin qızışdığı bir dönəmdə Azərbaycan və Türkiyənin region ölkələri ilə yaxınlaşması müşahidə olunur. Ekspertlər bu yaxınlaşmanı Turan layihəsi kontekstində dəyərləndirir. 

Orta Asiyanın hansı önəmi var? ABŞ, Rusiya və Çinin Orta Asiya uğrunda savaşı nə ilə nəticələnə bilər? Turan layihəsini gerçəkləşdirmək mümkün olacaqmı? 

Qaynarinfo bu suallara aydınqlıq gətirmək üçün "Turan” İnformasiya Agentliyinin direktoru Mehman Əliyevlə söhbətləşib. Mehman Əliyevin sözlərinə görə, Orta Asiya uğrunda savaşın başlaması SSRİ dağılandan sonraya təsadüf edir:

"SSRİ dağılandan sonra ABŞ və Çin burada təsir gücünü artırmağa çalışır. Təbii ki, Rusiya da regionda fəal oyunçudur. Orta Asiya kifayət qədər əhəmiyyətli bölgədir. İstər təbi sərvətlərinə, istər insan resurslarına, istərsə də kommunikasiya baxımından cəlbedici regiondur. Böyük güclər də təbii olaraq belə bir önəmli regionda maraqlarını təmin etməyə, qorumağa çalışır. Burada əsasən təhlükəsizlik və iqtisadi maraqlardan söhbət gedir. Baxın, Cənubi Qafqaz Orta Asiyadan xeyli dərəcədə kiçik regiondur. Amma onun uğrunda böyük savaş gedir. Savaşın kökündə isə yenə də iqtisadi və təhlükəsizlik maraqları dayanır. Ukrayna ilə də müharibənin əsas səbəbi budur”. 

Mehman Əliyev savaşın artıq açıq müstəviyə keçdiyinə diqqət çəkərək bunun gözlənilən olduğunu bildirib. Onun fikrincə, proses getdikcə daha da durulacaq. Müsahibimiz Orta Asiya ölkələrinin Rusiyadan uzaqlaşmaq niyyətində olduğu mülahizələrinin kifayət qədər əsaslı olduğu qənaətindədir. 

"Əslində görünən odur ki, bütün postsovet ölkələri Rusiyadan uzaqlaşmaq yolunu tutub. Ukrayna müharibəsi göstərdi ki, Rusiya ilə, ordakı mövcud hakimiyyətlə etibarlı bağ qurmaq mümkün deyil. Təsəvvür edin, Ukrayna Rusiyaya ən yaxın ölkədir. Amma görün onunla necə amansız davranır. Ukraynaya qarşı bu qəddarlığı edən Rusiya görün başqa xalqlara nə edər! Bunu bütün postsovet ölkələri görür. Ona görə də başqa təhlükəsizlik çətirləri axtarmağa məcburdurlar”.

Orta Asiyada gedən savaşın fonunda Turan layihəsinin real olduğunu hesab edən Mehman Əliyevin fikrincə, bu məsələdə ABŞ və Rusiya da maraqlı görünür:

"Biz 90-cı ildə "Turan” informasiya agentliyini yaradanda görürüdük ki, dünyada böyük dəyişikliklər baş verir və Cənubi Qafqazla Orta Asiya Qərb üçün böyük maraq kəsb edir. O zaman biz inanırdıq ki, Turan təkcə coğrafi yox, həm də siyasi-iqtisadi məkana çevriləcək. Ona görə də fəaliyyətimizi bu məkanda təşkil etmək qərarına gəldik və agentliyin adını "Turan” qoyduq. Yəni, bu ad təsadüfi seçilməyib. İndi bu proses baş verir. Özü də İkinci Qarabağ savaşından sonra Turan layihəsinin reallaşması istiqamətində addımlar daha sürətlənib. Bu da səbəbsiz deyil. Türkiyə İkinci Qarabağ savaşında öz varlığını göstərdi. Bundan sonra Orta Asiya ölkələri başa düşdü ki, bu prosesdə iştirak etmək lazımdır. 

Məlumdur ki, Çin Orta Asiyada fəal oyunçudur və Orta Asiya ölkələri də bundan məmmun deyil. Eyni zamanda onlar Rusiyanın da təsir dairəsində olmaq istəmir. Bu baxımdan, Turan layihəsi onlar üçün cəlbedicidir. Türkiyə ilə Rusiya arasında müəyyən yaxınlığın olması da prosesə müəyyən mənada təkan verir. Rusiya hesab edir ki, Turan olsun, təki Qərb regionda nüfuz sahibinə çevrilməsin. Qərbə gəlincə, o da bu layihənin reallaşmasında hardasa maraqlı görünür. Qarabağ savaşında Böyük Britaniyanın bizə dəstək verməsi bunun təzahürü hesab edilə bilər. Qərb istər Çin ekspansiyasının qarşısının alınması, istərsə də, Rusiyanın regionda təsir dairəsinin məhdudlaşdırılması baxımından belə birliyin olmasında maraqlıdır. Yəni, burada maraqlar üst-üstə düşür, ona görə də düşünmək olar ki, Turan layihəsinin gerçəkləşməsi mümkündür”. 

Seyid