Foto 15:10 31.05.2023

"Mən səni sevirəm, müəllim" filmi təqdim olundu - Bu, Azərbaycan müəlliminə bir təşəkkür idi (FOTO)

Qadın və Uşaqların Təhsilinə Dəstək İctimai Birliyinin Elm və Təhsil Nazirliyinin dəstəyi ilə ərsəyə gətirdiyi "Mən səni sevirəm, müəllim" sənədli filminin təqdimat mərasimi keçirilib. 

Nizami Kino Mərkəzində baş tutan təqdimat mərasimində elm və təhsil adamları, media və sənət nümayəndələri iştirak ediblər. 

Aparıcı, "Təhsil TV"nin redaktoru Gülnarə İlham tədbiri açıq elan edərək, layihənin məramı barədə qonaqlara məlumat verib. Ardınca
layihənin rəhbəri Sevinc Fədai, sənədli filmin ssenari müəllifi yazıçı-ssenarist Tural Cəfərov, rejissoru Emil Ali, prodüsseri Samirə Gülməmmədova səhnəyə dəvət alıb və fikirlərini bölüşüblər. Onlar bildiriblər ki, bu film müəllim adının və sənətinin təntənəsini ifadə etmək üçün bir imkan, müəllimlərə olan minnətdarlıq və onlara layiq olduğu dəyərin göstərilməsi üçün bir çağırışdır. 

Daha sonra dörd müəllim və dörd məktəbin hekayəsini özündə birləşdirən sənədli film tamaşaçılara təqdim edilib. Film tamaşaçıları təsirləndirib və alqışla qarşılanıb. 

Sonda filmin qəhrəmanları - Qobustan rayon Sündü kənd tam orta məktəbinin əməkdaşı olmuş Əməkdar müəllim Əhməd Seyidəhmədov, Akademik Mehdi Mehdizadə adına Cəbrayıl şəhər tam orta məktəbin müəllimi Kəmalə Hümbətova, Qusar rayon İmamqulu kənd orta məktəbinin müəllimi Suqra Cəfərova və Sağlamlıq imkanları məhdud uşaqlar üçün 5№-li Respublika xüsusi internat məktəbinin müəllimi Aysel Babayeva auditoriya qarşısına çıxaraq, öz duyğun və düşüncələrini ifadə edib, yaradıcı heyətə və ictimaiyyət nümayəndələrinə təşəkkürlərini bildiriblər. 

Sonda tamaşaçılar layihənin komandası və film qəhrəmanlarına ürək sözlərini bildirib, xatirə şəkilləri çəkdiriblər. 

Qeyd edək ki, layihənin məqsədi cəmiyyətdə məktəbin, müəllimin nüfuzunu artırmaq prosesinə töhfə verməkdən ibarətdir. Bu məqsədə nail olmaq üçün isə müəllimlərin çətin və fədakar  əməyi, onların rastlaşdığı maneələr, ötüb keçən onlilliklər ərzində təhsil prosesində nələrin dəyişdiyi, nələrin dəyişəcəyi ilə bağlı təəssüratlar filmdə kino dili ilə təsvir edilib. 

Filmin çəkilişləri dörd fərqli seqmentə malik məktəbdə aparılıb və dörd nəsildən olan dörd müəllimdən müsahibələr alınıb. Müsahibələr zamanı müəllimlər təhsilə baxışlarını, cəmiyyətin inkişafında təhsilin oynadığı rolu, təhsilverənlərin hansı maneələr və çətinliklərlə mübarizə apardıqlarını, ötüb-keçən illər ərzində nələrin dəyişdiyini, nələrin dəyişməli olduğunu, bir sözlə, təhsillə bağlı öz xatirə və düşüncələrini bölüşüblər.