Video 16:03 10.06.2023

"Məni sevib qalsaydın” klipinin təqdimatı oldu (FOTO/VİDEO)

Ölkənin ilk uşaq kanalı "ARB Günəş”in təşkilatçılığı ilə "Məni sevib qalsaydın” adlı mahnının ifaçıları, Azərbaycan və Özbəkistan Respubliklarının xalq artisti Gülyanaq Məmmədova və qardaş ölkənin mədəniyyət və turizm naziri, xalq artisti Ozodbek Nazarbekov klipi təqdim olunub.

Qaynarinfo xəbər verir ki, Azərbaycan-Özbəkistan dostluğuna həsr olunmuş ekran işinin bu gün təqdimat mərasimi keçirilib.

Tədbir həm də Gülyanaq Məmmədovanın doğum gününə təsadüf edib.

Qeyd edək ki, bu hər iki ölkənin xalq artisti, sevilən sənətçi Gülyanaq Məmmədovanın özbək dilində ifasının lentə alındığı ilk ekran işidir. 
Layihə Özbəkistan Respublikasındakı Səfirliyimizin nəzdində fəaliyyət göstərən Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzinin dəstəyi ilə həyata keçirilib.

Mahnının sözlərinin müəllifi Botir Erqaşev, bəstəkarı Musahon Nurmatovdur. Rolları istedadlı və gənc aktrisalar Günəş Tegin, Könül Cəfərzadə və özbək aktyor Farrux Yusupov canlandırıb. Klipin quruluşçu rejissoru Vüsal Məmmədov, baş prodüseri "Oscar Film Production”un rəhbəri və ölkənin ilk milli videoplatforması olan "Metaflix”in qurucusu Yaşar Əhmədov, layihənin rəhbəri, ideya və ssenari müəllifi "ARB Günəş” televiziyasının direktoru Məhsim Məhsimovdur. 

Çəkilişlər Bakı ilə yanaşı Daşkənd şəhərinin bir sıra tarixi məkanlarında,o cümlədən Özbəkistan Dövlət Konservatoriyasında, məşhur Çorsu bazarında, Müstəqillik meydanında həyata keçirilib.

Qeyd edək ki, klipin məhz "Heydər Əliyev ili”ndə ərsəyə gəlməsi heç də təsadüfi deyil. Bildiyiniz kimi Ümummilli Lider Heydər Əliyevin hər iki ölkə arasında dostluq, qardaşlıq, ikitərəfli əməkdaşlıq münasibətlərinin inkişaf etdirilməsindəki rolu əvəzolunmazdır. Ulu Öndər hər zaman Azərbaycan-Özbəkistan qardaşlığına xüsusi önəm verib. Məhz bu səbəbdən qardaş ölkədə də O hər zaman böyük sevgi və ehtiramla anılır. 
Məhz bu sevginin təzahürüdür ki, Daşkəndə Heydər Əliyevin adını daşıyan küçə və onun memorial kompleksinin ucaldığı geniş meydan mövcuddur.