Ekonomiks 11:00 31.05.2023

“Mənzilini sığortalamayanları hansı cəza gözləyir?” – Vəkil

"Mənzilini sığortalamayanlar cərimə olunmayacaqlar”.
 
Qaynarinfo xəbər verir ki, bunu vəkil Əkrəm Həsənov deyib. Vəkil bildirib ki, 1 iyundan tətbiq ediləcək cərimənin bir heç mexanizmi də yoxdur:
 
"Bunu hələ 2020-ci ilin yanvar ayında Bakı Şəhər İcra Hakimiyyəti bildirmişdi. Çünki icbari sığorta edilməməsi üzrə cərimə mexanizmi yoxdur. 3,5 il ərzində sığorta bazarına nəzarət edən Mərkəzi Bank heç bir iş aparmayıb bu sahədə. Əslində, suyu bulandıran vətəndaşlara bildirişlər göndərərək, onları hədələyən sığorta şirkətləridir. Asan qazanc yeri axtarırlar. Mərkəzi Bank da susaraq onlara dəstək verir. Bununla sığorta bazarında canlamanın baş verdiyini göstərmək istəyir. 2019-cu ilin sonunda sığorta bazarına nəzarət səlahiyyəti Mərkəzi Bankın o zamankı rəhbəri Elman Rüstəmova keçən kimi bu oyun başladı. İndi də Mərkəzi Bankın yeni rəhbərliyi eyni senari üzrə hərəkət edir”. 

Əkrəm Həsənov qeyd edir ki, qanun 10 ildən çoxdur ki, daşınmaz əmlakın icbari sığortasını tələb edir:
 
"Etməyənə cərimə də nəzərdə tutulub. Amma onun mexanizmi yoxdur. Yəni bu "ölü” qanundur. Həm də ədalətsizdir. Çünki bu sığorta könüllü olmalıdır. Özü də Azərbaycanda yalnız kommersiya sığorta modeli deyil, həm də müştərək sığorta modeli (bu modelə görə sığorta hadisəsi baş vermədikdə vətəndaşın sığorta haqqı tam batmır) də tətbiq olunmalıdır. Əks halda, indiki kimi sığorta şirkətlərinə etimad olmayacaq. Çünki onlar əsasən yalnız öz qazancını düşünür və sığorta hadisələri baş verdikdə ödənişdən yayınırlar. Xüsusən iri, inhisarçı şirkətlər bu məsələdə ədalətli deyillər”. 

Vəkilin sözlərinə görə, daşınmaz əmlakın icbari sığortası real olaraq işə düşsə, sığorta sektorunda  inhisarlaşma güclənəcək:
 
"Bu yağlı tikəni qamarlayacaqlar. Çünki bu sığorta növü müftə gəlir yeridir. Ölkədə il ərzində evlərdə nə qədər  hadisə baş verir ki? Çox az! Avtomobil deyil ki, daim yolda olduğu üçün hadisə baş  versin! Deməli, ödənişlər sığortaçıların xalis gəliri olacaq. Odur ki, bu oyunun  qiyməti doğrudan da çox böyükdür. Amma hələlik istəklərinə nail ola bilməyiblər. Odur ki, hazırda narahatçılığa əsas yoxdur. Bu sığortanı etmədiyinə görə gələcəkdə cərimələnmiş və mənə müraciət etmiş ilk şəxsin məhkəmədə işini pulsuz aparacağam. Ən azı ona görə ki, dövlət "ölü qanun” əsasında vətəndaşını cərimələməməlidir. Bu qanun kimin üçünsə "yaşayırsa”, bizim üçün "ölüb””. 

Bahar Rüstəmli