İdman 21:58 02.05.2023

Messi Səudiyyə Ərəbistanına niyə gedib?

Fransa çempionatında "Lorient"ə məğlubiyyətdən sonra PSJ-nin argentinalı superulduzu Parisi tərk edib.

Qaynarinfo xarici KİV-ə istinadən xəbər verir ki, "Qızıl top”un yeddiqat qalibi, ailəsi ilə birlikdə Səudiyyə Ərəbistanına yola düşüb. 

"L'Equipe"də yer alan xəbərə görə PSJ-nin baş məşqçisi Kristof Qaltye və klubun futbol müşaviri Luis Kampos Messinin Yaxın Şərqə səfərinin əleyhinədirlər. Ancaq futbolçunun birbaşa klub rəhbərliyindən icazə aldığı bildirilir.

Messi 2030-cu il dünya çempionatına ev sahibliyi etmək istəyən Səudiyyə Ərəbistanının turizm səfiri olub. Rəhbərlik isə onu bu layihənin bir hissəsi kimi gördüyü üçün səfərə icazə verib. Yaxın Şərqə yollanan və tətilini Fransadan kənarda keçirən Messi sosial şəbəkədəki səhifəsində "Səudiyyə Ərəbistanının bu qədər yaşıl olduğunu kim düşünərdi? Fürsət tapanda ölkənin gözəl yerlərini kəşf etməyi sevirəm" - sözlərini yazıb.

Səudiyyə Ərəbistanının turizm naziri Əhməd Əl-Xatib açıqlamasında Messi və ailəsini ölkəsində salamlamaqdan məmnun olduğunu bildirib. 

PSJ ilə müqaviləsi bu yay başa çatacaq 35 yaşlı futbolçu ilə "Barselona" MLS və "Al Hilal" klublarının maraqlandığı bildirilir. Bütün bu fərziyyələrin kölgəsində argentinalı ulduzun bu yay necə qərar verəcəyi maraqla gözlənilir.

Səbuhi Həsənov