İdman 21:55 09.05.2023

Messi və Argentina yığması yenə mükafatlandırıldı

Fransanın paytaxtı Parisdə keçirilən, "Laureus Fondu" tərəfindən 2000-ci ildən bəri təqdim edilən və idman dünyasının ən nüfuzlu mükafatlarından sayılan "Laureus World Sports Awards"ın qalibləri açıqlanıb.

Qaynarinfo-nun məlumatına görə, 23-cü mərasimdə ilin kişi idmançısı argentinalı futbolçu Lionel Messi, qadın idmançısı isə Yamaykalı atlet Şelli-Ann Freyzer-Prays seçilib.

Covid-19 tədbirləri ilə əlaqədar iki ildir onlayn formada keçirilən mükafatlandırma mərasimində bu dəfə tamaşaçılar da iştirak edib. Tədbirə Sebastian Coe, Naval El Moutavakel, Edvin Moses, Boris Beker, Cessika Ennis-Hill, Kris Hoy, Fabio Kapello, Luiş Fiqu, Karles Puyol, Patrice Evra, Robert Levandovski kimi idman dünyasının bir çox məşhur simaları qatılıb.

İlin kişi idmançısı mükafatının qalibi 2020-ci ildən sonra yenidən Messi olub. Argentina millisinin 2022-ci il FIFA Dünya Çempionatında 7 qolla qələbə qazanmasında aparıcı rol oynayan 35 yaşlı futbolçu, amerikalı basketbolçu Stiven Karri, isveçli idmançı Armand Duplantis, fransalı futbolçu Kilian Mbappe, ispan tennisçi Rafael Nadal və Niderlandddan olan Formula 1 pilotu Maks Ferstappeni qabaqlayaraq mükafata layiq görülüb.

Ötən il qadınlar arasında 100 metr məsafəyə qaçışda 5-ci dəfə dünya çempionu olmuş və "Almaz Liqası"nı zirvədə tamamlayan yamaykalı Freyzer-Prays karyerasında ilk dəfə ilin qadın idmançısı mükafatını qazanıb. 36 yaşlı sprinter səsvermədə amerikalı üzgüçü Keti Ledekki, ABŞ idmançısı Sidney Maklaflin-Levronu, ispaniyalı futbolçu Aleksia Putellası, amerikalı dağ xizəkçisi Mikaela Şiffrini və polşalı tennisçi İqa Sviateki qabaqlayıb.

İlin komandası mükafatı isə Qətərdə keçirilən futbol üzrə dünya çempionaıtnın qalibi olan Argentina millisinə verilib. 

İlin ən yaxşı atleti adına 2022 ABŞ Açıq çempionatında karyerasının ilk böyük dəbilqə yarışında zirvəyə yüksələrək dünya təsnifatında birinci olan gənc ispan tennisçi Karlos Alkaras layiq görülüb.

Digər qaliblər isə aşağıdakılardır:

İlin kişi idmançısı: Lionel Messi (Argentina) – Futbol
İlin qadın idmançısı: Şelli-Ann Freyzer-Prays (Yamayka) – Atletika
İlin Komandası: Argentina – Futbol
İlin ən yaxşı oyunçusu: Karlos Alkaras (İspaniya) – Tennis
İlin geri dönüşü: Kristian Eriksen (Danimarka) – Futbol
İlin Əlil Atleti: Ketrin Debrunner (İsveçrə) – Paraatletika
İlin ekstremal atleti: Eileen Gu (Çin) – Sərbəst xizəksürmə

Səbuhi Həsənov