İdman 14:53 24.04.2023

Messiyə üç mükafat birdən

Argentinalı superulduz Lionel Messi mükafatlara doymur.

Qaynarinfo-nun məlumatına görə, son günlər "Barselona”ya qayıdacağı ilə bağlı söz-söhbətlər dolaşan Messi daha üç mükafat qazanıb. Hər üç mükafat ona Beynəlxalq Futbol Tarixi və Statistikaları (IFFHS) tərəfindən verilib.

Argentinalı superulduz IFFHS tərəfindən 2022-ci ildə dünyanın ən yaxşı oyun qurucusu, dünyanın ən yaxşı oyunçusu və dünyanın ən yaxşı beynəlxalq bombardiri seçilib.

Argentinalı superulduz aldığı mükafatlardan sonra "Instagram" hesabında bunları yazıb:

"2022-ci il üçün bu üç mükafatı Beynəlxalq Futbol Tarixi və Statistikaları Federasiyasından (İFFHS) almaq şərəfdir... Təşəkkür edirəm!"

Messi PSJ-yə transfer olunandan sonra "Barselona”dakı performansını göstərməsə də, qolları diqqət çəkir. Bu yay Paris klubu ilə müqaviləsi bitəcək Messi PSJ-ni tərk edəcəyi deyilir. 35 yaşlı argentinalının "Barselona"ya qayıdıb-qayıtmaması ilə bağlı son sözü isə ispan klubunun prezidenti Xuan Laporta deyəcək.

Son dünya çempionu ilə "İnter Mayami" də ciddi maraqlanır, ona görə də futbolçunun növbəti mövsümdən hansı komandada oynayacağı hələ bəlli deyil.
 


Səbuhi Həsənov