Ötən ildən fərqli olaraq bu il Azərbaycanda meyvə istehsalında bolluq müşahidə olunur.
Ötən il bu ayda alıcıya təklif olunan kilosu 4-5 manata olan albalı bu gün 1 manat 50 qəpiyə, 6-9 manata olan gilas isə 2 manat 50 qəpiyə satılır. Bəs, bu qiymətlər Bakı bazarlarında niyə müşahidə olunmur?
İqtisadçı ekspert Vahid Məhərrəmov Qaynarinfo-ya açıqlamasında bu il meyvə istehsalında nisbətən artım müşahidə olunduğunu bildirib:"Uzun illərdir ki, biz deyirik ki, Bakı şəhərində bir neçə topdansatış bazarları yaradılsın. İmkan vermək lazımdır ki, insanlar yetişdirdiyi ərzaqları gətirib, Bakıda sata bilsin. Bakıda bir topdansatış bazarı var, bu da monopoliyadadır, müəyyən adamların diqtəsi ilə işləyir. Onlar çalışırlar ki, yüksək qiyməti saxlamaqla daha çox gəlir əldə etsinlər. Düzdür, ötən il ilə müqayisədə bəzi məhsulların qiymətində endirim müşahidə edilir. Ancaq bu qiymətləri rayonlarla müqayisə edəndə iki dəfə fərq var”.
Ekspert əlavə edib ki, Bakıda 2-3 manata təklif olunan gilas rayonlarda kilosu 1 manat 50 qəpiyə satılır:"Eləcə də əriyin qiymətində də bu fərqi görürük. Bu fərqi aradan qaldırmaq çox asandır. Bakı Şəhər İcra Hakimiyyəti kəndlilərə müraciət etməlidir ki, siz məhsulunuz şəhərdə yaşayış massivlərində təyin edilən yerlərdə satın. Bu gün kəndlərin əksəriyyətinin avtomobili var. Onlar məhsulunu rahat şəkildə Bakıya gətirib satarsa, mərkəz bazarlarda qiymətlər aşağı düşə bilər. Bunun üçün Bakı Şəhər İcra Hakimiyyəti əhaliyə müraciət etməlidir və bu məsələni təşkil etməlidir. Biri var məhsul alınsın, biri də var alınmasın, xarab olsun”.
Bahar Rüstəmli
Şərhlər