İdman 14:17 24.03.2023

Millimizin Avstriya ilə oyununa mütəxəssis baxışı: “Üçüncü yer tutsaq...”

Bu gün millimiz AVRO-2024-ün seçmə mərhələsi çərçivəsində ilk matçına çıxacaq. Səfərdə Avstriyanın qonağı olacaq Canni De Byazinin komandası son oyunlarda yaxaladığı qələbə seriyasını davam etdirmək niyyətindədir. Ancaq təbii ki, Avstriya yığmasına qarşı oyun heç də asan keçməyəcək.

Qarşılaşma ilə bağlı Vladislav Qədirov fikirlərini bildirib. Mütəxəssis Qaynarinfo-ya açıqlamasında komandadan gözləntilərini bölüşüb:

"Ardıcıl qələbələr bizə ümid verdi. Amma digər tərəfdən hansı komandalarla oynadığımıza nəzər salmalıyıq. Qazaxıstan motivasiyasız gəlmişdi, Belarus evdə oynamırdı, slovaklar yaxşı vəziyyətdə deyildi. İnam var, amma Avstriya ilə oyun nəyə qadir olduğumuzu göstərəcək. Yaxşı rəqibdir, həm də evdə oynayırlar. Heç-heçə üçün şansımız var. Futboldur, hər şey ola bilər. Əhval-ruhiyyədən də çox şey asılıdır. Baxmayın, Avstriya düşünür ki, bizdən, Estoniyadan xal götürməsə, sonrakı oyunlarda onlar üçün çətin olacaq. İlk oyunlarıdır. Onların mətbuatını oxumuşam. Yaxşı start olduğunu, 6 xal yığa biləcəklərini yazırlar. Düzdür, komandalarının yaxşı, texniki cəhətdən üstün futbolçulara malik olduğunu deyirlər. Onu da başa düşürlər ki, Azərbaycan millisindən xal götürməsələr, daha kimdən alacaqlar? İstənilən halda ümidimiz var”.

Qədirov yığmamızın yer aldığı qrupu dəyərləndirdi. O, üçüncü yerin bizim üçün böyük uğur olacağını söyləyib:

"Çətin qrupdur. Belçikanın vəziyyəti yaxşı olmasa da, bizim üçün çətindir. İsveç daim Avropa və Dünya çempionatında oynayır. Avstriya İtaliyanı məğlub edir. Bizim səviyyəmizdə olan yalnız Estoniya var. Onları həm səfərdə, həm də evdə mütləq məğlub etməliyik. Qrupda üçüncü yer tutsaq, bizim üçün böyük nailiyyət olar. Futboldur, vuruşmaq lazımdır”.

Veteran futbolçu millinin heyəti ilə bağlı bunları bildirib:

"Ortabab nəsildir. Yaxşı futbolçular var. Sadəcə, məşqçi öz taktikasını qurmalı, kim hazırdırsa, onu meydana buraxmalıdır. Yalnız qapıçı problemi qalır. Şahruddin Məhəmmədəliyev yoxdur. Digəri gəncdir, ona şans vermək bir qədər risklidir. Qapıçı bu oyunda özünü yaxşı göstərə və ya "yana” bilər. Bizim və Avstriya çempionatı tam ayrı səviyyədədir. Hətta yarım səhv olsa belə, Avstriya bunu bağışlamaz. Eyni zamanda gənclərə şans vermək lazımdır. Bəlkə daha yaxşı olacaq. Kamran Ağayev, Aleksandr Jidkov, Dmitri Kramarenko da şans qazana-qazana artmışdılar”.

Səbuhi Həsənov