İdman 17:22 17.11.2022

"Moldovanı belə zəif görməmişdim" - Böyükağa Ağayev

Ötən gün millimiz yoldaşlıq görüşündə Moldova ilə qarşılaşdı. Canni De Byazinin komandası bu matçda 2:1 hesablı qələbəyə sevindi.

Böyükağa Ağayev Qaynarinfo-ya açıqlamasında yığmanın oyununu dəyərləndirib. Mütəxəssis komandamızın çıxışından razı qaldığını deyib:

"Fikrimcə, yığmamız yaxşı göründü. Birinci hissədə üstünlüyümüz böyük idi. Demək olar qapımızın önündə heç bir təhlükəli vəziyyət yaratmadılar. Xüsusən də yarımmüdafiə xətti yaxşı idi. Riçard Almeydanı fərqləndirərdim, çox gözəl oynayırdı. Top itkilərinə az yol verirdi, istədiyi oyunçunu tapırdı. Üstünlüyümüz böyük idi, gördüz də nə qədər qol vəziyyətləri yaradırdıq. Hətta düşündüm ki, ya bizimkilər güclüdür, ya rəqib çox zəifdir. Moldovanı belə zəif görməmişdim”.

Canni De Byazinin işini dəyərləndirməklə bağlı suala məşqçi belə cavab verib:

"Bir oyunla məşqçi işi haqqında nəsə demək düzgün deyil. Başqa rəqiblərlə oynayandan sonra danışmaq daha yaxşıdır. Sonuncu əvəzləmələrdən sonra bir qədər çox itkilərə yol verdik, onlar da qol vurdu. Bizə həmişə standart vəziyyətlərdən sonra qol vururlar. Belə vəziyyətlərdə diqqətli olmaq lazımdır. Bu oyunda futbolçularımıza irad yoxdur. Çünki üstünlüyümüz vardı, topu itirəndən sonra tez geri alırdıq. Onlara fikirləşməyə imkan vermirdik. Ümumilikdə pis deyildi. 100 faizli qol vəziyyətlərindən istifadə etmək lazım idi, alınmadı”.

Səbuhi Həsənov