Siyasət 15:50 14.02.2023

"Moskva Ermənistana dağıdıcı zərbələr endirə bilər" (ŞƏRH)

Avropa İttifaqının mülki missiyasının Ermənistanın Azərbaycanla sərhədində yerləşməsi ilə bağlı müzakirələr Rusiyanı qıcıqlandırıb. Aydın məsələdir ki, Qərbin bu niyyəti Rusiyanın bölgədəki maraqları ilə tərs-mütənasibdir. Bu fonda bir çoxları hətta düşünür ki, Aİ-nin mülki missiyası bir müddətdən sonra hətta tamamilə hərbi missiya ilə əvəzlənə də bilər. Bu günlərdə Ermənistanın müxalif deputatı Tiqran Abramyan bəyan edib ki, Aİ-nin Ermənistandakı mülki missiyasının müəyyən mərhələdən sonra hərbi komponent ala biləcəyini istisna etmək olmaz. 

Politoloq Tural İsmayılov Qaynarinfo-ya açıqlamasında bildirib ki, Ermənistan sərhədinə gələn Aİ müşahidəçilərinin kimliyinin açıqlanmaması artıq onların içərisində hərbi-kəşfiyyat məqsədilə gələnlərin də olduğundan şübhələnməyə əsas verir: 

"İndidin özündə belə Aİ-nin Ermənistandakı mülki missiyasının tərkibində hərbi kəşfiyyat casus strukturuna aid adamlar var. Çünki Bakı ilə İrəvan arasında sərhədlər delimitasiya edilməyib. Delimitasiya edilməmiş sərhəddə isə hansı missiyadan söhbət getdiyinin özü belə qaranlıqdır. Habelə, Azərbaycanın razılığı olmadan hansısa missiyanın sərhədə gəlməsinin özü onların verəcəyi "bəyanat”ların obyektiv olmayacağını indidən söyləməyə əsas verir. 

Nəzərə alaq ki, bu gün Ermənistan ərazisində Rusiyaya qarşı yeni geopolitik soyuq savaşın elementləri hiss olunur. Daim başqa güclərin ayaqaltısına çevrilən, onların siyasi ambissiyalarının vuruş məkanı olan Ermənistan yenə də beynəlxalq güclərin əlində oyuncağa çevrilib. Bu baxımdan, Aİ çətiri altında Fransa casus şəbəkəsinin Ermənistanda at oynatması bəlli məsələdir. Oradakı müşahidəçilərin kimliyinin açıqlanmaması da bu kimi şübhələrin artmasına səbəb olur”. 

Amma ekspert Aİ-nin mülki missiyasının gələcəkdə açıq şəkildə hərbi müstəviyə keçəcəyini gözləmir: 

"Bu proses baş verəcək, amma gizli formada. Amma müşahidə missiyasının tamamilə hərbi forma alması KTMT üzvü, ərazisində rus hərbi bazası olan İrəvanın Rusiyaya qarşı açıq savaşı demək olacaq ki, nəticədə Moskva bir saat ərzində Ermənistana dağıdıcı təsirə malik zərbələr endirə bilər. Ona görə də açıq formada hərbi qurumların sərhədə gələcəyi mesajlarının veriləcəyini gözləmirəm”. 

Rüfət Sultan