Hüseynbala Səlimov
Siyasət 10:30 22.05.2023

Moskva niyə tələsir?

Maraqlıdır, görəsən, eyni bir münaqişənin neçə həlli, neçə sülh müqaviləsi ola bilər? Deyəcəksiniz ki, əlbəttə, bir. Amma Azərbaycan – Ermənistan münaqişəsinə baxanda görürsən ki, heç də belə deyil – Qərb bir, Rusiya isə başqa bir formulla danışıqlar aparır. 

İndi adını çəkmək belə istəmədiyim Minsk Qrupunun vaxtında həmsədrlərin hərəkətləri və yaxud da ki, hərəkətsizliyi bir formatda cəmləşmişdi. İndi isə belə deyil. Bir daha deyirəm ki, Rusiya hazırda bir müzakirə aparır, Qərb isə başqa.

Bir-iki həftə bundan əvvəl ABŞ-da danışıqlar oldu. Daha sonra isə Brüssel prosesinin buzu əridi. Nəticələr haqqında çox danışılmadı. Hər iki görüş barədə deyildi ki, gələcək sülh sazişinin bir neçə bəndi üzrə razılıq əldə olunub. Fəqət bunu konkretləşdirmədilər və biz hələ də dəqiq bilmirik ki, hansı bəndlərdən söhbət gedir. Amma burada ciddi bir məqam var. Təkcə Bakı yox, hətta İrəvan da ABŞ platformasının onların maraqlarına daha çox cavab verdiyini bildirirlər. 

Bundan başqa, İrəvan gizlətmir ki, Qərb onlardan Azərbaycanın ərazi bütövlüyünü tanımağı, Bakı və Ankara ilə normal münasibətlər qurmağı, tezliklə, nə qədər ki, Moskvanın başı Ukrayna müharibəsinə qarışıb, sülh müqaviləsi imzalamağı tələb edir. Qərəz, ABŞ-ın, ümumiyyətlə, Qərbin səyləri haqda bildiyimiz bu qədərdir. İndi ümid qalıb Kişinyovdakı görüşə. Güman, ona görə ki, bu görüşdə də yəqin hansısa bir deklarasiya qəbul olunacaq və bunun da səbəbləri var. Birincisi, Kişinyovda sazişin imzalanması üçün artıq indidən onun layihəsi hazır olmalıdır, amma gəl, belə bir şey yoxdur. İkincisi, hələ Brüssel görüşü ərəfəsində ruslar bəyan etdilər ki, Kişinyov görüşündən savayı daha bir görüş bu ilin oktyabr ayında İspaniyanın Qranada şəhərində olacaq. Deməli, son məqsədə hələ çox var.
Bütün bunlardan savayı hazırda başqa bir diplomatik proses də gedir. Brüssel görüşündən dərhal sonra Ermənistan və Azərbaycanın xarici işlər nazirlərinin Moskva görüşü oldu. Bu görüşə Vaşinqton görüşünün davamı kimi baxmaq olmaz. Yox, ruslar paralel, hətta müstəqil proses aparır, danışıqlarda təkcə Bakının və İrəvanın maraqlarının yox, həm də öz maraqlarını nəzərə alınmasına çalışırlar.

Moskva gizlətmir ki, Qərbin prosesə müdaxiləsini qəti istəmir. Üstəlik, Kreml Bakı ilə İrəvan arasında ikitərəfli razılaşmanın da baş tutmasını arzulamır, çünki bu, olarsa, bölgədə Moskvaya ehtiyac qalmaz. Hazırda rus sülhməramlılarının bölgəni vaxtından əvvəl tərk etməsi haqqında çox danışılır. Bu da səbəbsiz deyil.
Birincisi, Moskva 2020-ci ilin Noyabr razılaşmasından çox danışır. Amma bu razılaşmanın şərtləri hələ də yerinə yetirilməyib – Xankəndidə hələ də minlərlə Ermənistan hərbçisi var. 

İkincisi, bu ötən qısa müddətdə, daha doğrusu, üç il ərzində ruslar özlərini yaxşı tərəfdən göstərmədilər. Kreml sülhməramlılara bir neçə dəfə hərbi rəhbər təyin edib. 

Amma onların hamısı biri-birini təkrar edirlər. Sərəncamlarının mürəkkəbi belə qurumamış İrəvana gedir və oradan təlimat alır, müxtəlif vasitələrlə erməni silahlılarını silah-sursatla təmin etməyə yardımçı olurlar.

Üçüncüsü, rus sülhməramlıları son üç il ərzində bölgədə atəşkəsin qarantı ola bilmədilər. Ona görə də onların bölgədə qalmasının məqsədəuyğunluğu böyük sual altındadır. Soruşa bilərsiniz ki, bəs niyə belə olur? Ruslar niyə belə edir? Cavab çox sadəddir: onlar Dağlıq Qarabağda qalmaq və bölgədə də təsir rıçaqlarını itirməmək istəyirlər.

Hazırda Moskva Azərbaycan və Ermənistan liderlərinin daha bir görüşünə ev sahibliyi etməyə hazırlaşır. Görüş mayın 25-də baş tutmalı və təkcə Rusiyanın vasitəçiliyilə reallaşmalıdır. Bu isə o deməkdir ki, Moskva tələsir ki, Kişinyov prosesində heç nə alınmasın. Bu onların ən azı minimum planıdır. 

Maksimum planı haqqında isə onlar danışmırlar, di gəl, belə düşünmək olar ki, onları daha çox öz sülhməramlılarının taleyi maraqlandırır...
 
Hüseynbala Səlimov