Siyasət 09:28 31.08.2022

Müqtəda əs-Sədr yolun sonuna çatır?..(ŞƏRH)

Son günlər İraqda vəziyyət gərginləşib. İraqdakı Sədr hərəkatının lideri Müqtəda  əs-Sədr siyasətdən getdiyini açıqlayıb. Bu barədə o özünün "Tvitter” hesabında paylaşım edib.
 
İraqın ən tanınmış dini və siyasi liderlərindən biri sayılan Müqtəda əs-Sədrin siyasətdən tamamilə çəkildiyini bildirməsi birmənalı qarşılanmayıb. İraqda nüfuzlu şiə din xadimi  Müqtəda əs- Sədr İranın müdaxiləsinə etiraz etdiyi üçün belə addım atdığını açıqlayıb. Bu açıqlamadan sonra İraqda onu dəstəkləyən qruplarla İranın təsir dairəsində olan şiə qruplaşmaları arasında ölümlə nəticələnən qanlı silahlı qarşıdurmalar başlayıb. Toqquşma nəticəsində ən azı 15 nəfərin öldüyü bildirilir. Məlumatlara görə, başlanan qarşıdurma fonunda Bağdad, Bəsrə, Kərbəla, Nəcəf, Kazmin və Samirra şəhərlərində vəziyyət  gərginləşib. Ötən gecə Bağdadın Yaşıl Zonasında dörd partlayış baş verib. Habelə, İrana yaxın siyasətçi Nuri əl-Malikinin rəhbərlik etdiyi Hizb əd-Dəvənin ofisi yandırılıb. Tətbiq edilən komendat saatı da gərginliyi azaltmayıb. Bağdadın Yaşıl zolağında və prezident sarayının ətrafında gecə saatlarına qədər silahlı qarşıdurmalar davam edib. 

İraqda vəziyyətin gərginləşməsində kimlər maraqlıdır? Xarici dövlətlərdən  hansılarının prosesin qızışmasında nə qədər marağı var?
 
Mövzunu Qaynarinfo-ya  şərh edən siyasi şərhçi Kənan Rövşənoğlunun fikrincə, İraqda baş verən qarşıdurmada məqsəd Müqtəda əs-Sədri nüfuzdan salmaqdır:

"Hazırda orada vəziyyət çox mürəkkəbdir. Keçən il keçirilən seçkilərdən sonra hökumətin qurula bilməməsi siyasi böhranın daha da dərinləşməsinə səbəb olub. Sədr hərəkatı parlamentdə ən çox səs qazanan blokdur. Amma hökumət qurmaq mümkün olmur, çünki çoxlu sayda maraqlı qüvvələr var. Əs-Sədr tərəfdarları bir müddətdir ki, parlamentin buraxılması və yeni seçkilərin keçirilməsi tələbi ilə aksiya keçirirdi. Dünən isə qəfildən Müqtəda əs-Sədr siyasətdən getdiyini elan etdi, ardınca isə xaotik hadisələr baş verdi. Aksiyaçılar hökumət binaları və parlamentə hücum etdi. Yaşıl Zona münaqişə rayonuna çevrildi, ilkin məlumata görə 20 nəfər artıq ölüb. Əs-Sədr tərəfdarlarını sakitləşməyi və yaşıl Zonadan çıxmağa çağırıb. Amma hələlik onun çağırışına əməl etmirlər. Ehtimal etmək olar ki, əs-Sədr tərəfdarları adı altında provokasiya qrupları var, onlar məqsədli şəkildə ölkədə anarxiya və xaos yaratmaq istəyirlər. Bununla da həm İraqda vəziyyət daha da pisləşəcək, həm də əs- Sədr nüfuzunu itirəcək”. 

Prosesdə xarici dövlətlərin marağına gəldikdə isə həmsöhbətimiz qeyd edir ki, İraqda bir çox xarici dövlətlərin marağı var:"İran, ABŞ, Böyük Britaniya, Səudiyyə Ərəbistanı, Türkiyə kimi ölkələr İraq siyasətinə ciddi təsiri olan dövlətlərdir”. 

Rüfət Sultan