Dünya 18:33 24.03.2023

NATO-dan çıxacağına söz verir, Krımı Rusiya kimi tanıyır - Türkiyə prezidentliyinə namizəd

Türkiyə prezidentliyinə namizəd, "Vətən” partiyasının lideri Doğu Perinçək qələbə qazanacağı təqdirdə Ankaranın NATO-dan çıxacağını bildirib.

Qaynarinfo bu barədə "Rosbalt"a istinadla xəbər verir.

Perinçəyin sözlərinə görə, sorğular göstərir ki, Türkiyə sakinlərinin 80%-i ABŞ-ı təhlükə hesab edir, 70%-i isə Rusiya və Çini dost adlandırır. "Bizim hakimiyyətimiz altında Türkiyə mütləq NATO-dan çıxacaq, çünki NATO Türkiyə üçün yeganə təhlükədir”, - prezidentliyə namizəd bildirib.

Bundan başqa, siyasətçi əlavə edib ki, o, Qərbin Rusiyaya qarşı sanksiyalarını tanımır və qalib gəlsə, onlarla mübarizə aparacaq. "Rusiyaya qarşı sanksiyalar Türkiyəyə qarşı sanksiyalardır” deyən namizəd "bu sanksiyalarla mübarizə aparmaq üçün qızıl fürsətdən istifadə edəcəyini” və "Rusiya ilə iqtisadi əlaqələri gücləndirəcəyini” vəd edib.

Perinçək həmçinin "Krımın Rusiya Federasiyasının ərazisinin bir hissəsi olduğunu qəti şəkildə vurğulayıb" və Vətən Partiyasının Ukraynanın işğal edilmiş torpaqlarında elan edilmiş yeni qondarma "respublikaları” Rusiya Federasiyasının bir hissəsi kimi tanıyacağına söz verib.

Türkiyədə ümumi seçkilər mayın 14-də keçiriləcək. Ölkə xalqı prezident və 600 parlament üzvünü seçəcək. Perinçəyin 80 yaşı var. O, ilk dəfə deyil ki, prezidentliyə namizədliyini irəli sürür. 2018-ci il seçkilərində ona 98 926 nəfər (0,2%) səs verib.

Alpər