Siyasət 18:10 31.05.2023

NATO-ya gedən yol bağlıdır: Türkiyə və İsveç qarşıdurması nə ilə yekunlaşacaq?

"İsveç Türkiyənin tələblərinə müsbət cavab verərək, konkret addımlar atacaqsa, yaxın dövrdə bu ölkəni NATO sıralarında görə bilərik”. Bunu Qaynarinfo-ya açıqlamasında siyasi şərhçi Vüqar Zifəroğlu ABŞ dövlət katibi Entoni Blinkenlə Türkiyə xarici işlər naziri Mövlud Çavuşoğlu arasında telefon danışığında İsveçin NATO-ya üzvlük məsələsini müzakirə etmələrini şərh edərkən deyib: 

"Skandinaviya ölkələri olan Finlandiya və İsveçin NATO-ya üzvlük məsələsi gündəmə gələndə Türkiyənin irəli sürdüyü bəzi tələblər var idi. Türkiyə həmin ölkələrdə separatçı terror qruplaşma üzvlərinin rahat şəkildə öz təbliğatlarını aparmasına etiraz edirdi. Türkiyə terror təşkilatları və onların liderlərilə bağlı müəyəyn haqlı tələblər də irəli sürdü. Ankara NATO-ya  üzv qəbul olunmaq istəyən ölkələrdən həmin haqlı şərtlərə əməl olunmasını tələb edib. Məsələ ilə bağlı müəyyən prosedurlar da həyata keçdi. Düşünürəm ki, İsveç bu tələblərin hamısına müsbət cavab verəcəyi halda Ankara veto qərarına yenidən baxa bilər”. 

Ekspert Türkiyə üçün qırmızı cizgilərin olduğunu bildirir: 

"Bu cizgilər ilk növbədə Türkiyəni parçalamağı nəzərdə tutan terror qruplaşmaları ilə mübarizə məsələsidir. Bu  məsələdə Ankara öz prioritetini açıqlayıb.  Bu mənada Ankara digər ölkələrdən də dəstək gözləyir. 

Ankara Finlandiya  məsələsində göstərdi ki, mövqeyi heç də hansısa ölkənin NATO-ya üzv qəbul olunub-olunmamağı ilə bağlı subyektiv baxış deyil.   Türkiyənin mövqeyi obyektiv baxışdır.  Finlandiya tələbləri qəbul edərək, həmin istiqmaətdə əməli addımlar atdığına görə, onun qəbulunda heç bir problem olmadı. İsveç də belə addım atarsa, onun qəbulu məsələsində də heç bir problem olmayacaq. Bu artıq İsveçin maraqları çərçivəsinə daxil olan məsələdir. NATO-ya gedən yolu İsveç özü açmalıdır”. 

Qeyd edək ki, ABŞ dövlət katibi Entoni Blinken bu gün Türkiyənin xarici işlər naziri  Mövlud Çavuşoğlu ilə telefonla danışıb. Danışıq zamanı bir sıra digər məsələlərlə yanaşı, İsveçin NATO-ya üzvlük məsələsi də yenidən müzakirə predmeti olub. 

Rüfət Sultan