İdman 17:39 05.12.2022

“Neftçi”də bərbad durumun tərifi: “Xəbərim yoxdur, yazıçı gedib, rəssam gəlib?”

Azərbaycan Premyer Liqasının 16-cı turunda "Neftçi”nin "Qarabağ”a 0:4 hesabı ilə məğlub olması bakılıların azarkeşləri ilə yanaşı, sabiq futbolçularını da qeyzləndirib. Vaxtilə bu komadanın formasında meydanda canını qoymuş futbolçular "Neftçi”nin indiki durumuna çox üzülür. Elə sabiq futbolçu Kamal Quliyev də belə insanlar arasındadır.

Qaynarinfo-ya açıqlamasında mütəxəssis keçmiş komandasının durumu ilə bağlı düşüncələrini bölüşüb:

"Neftçi” yenidən qurulmalıdır. Ən azından idarəçilik deyilən bir şey var. Bu, hər insana verilmir. Tez-tez rəhbərlik dəyişiklikkləri, naşı insanların klubda rəhbər olması, bunlar hamısı gətirib məğlubiyyətə çıxaracaq. İdmanda idman adamı işləməlidir. Ən azı "Qarabağ”ın necə idarə olunması ilə maraqlanmaq mümkündür. Heç kim maraqlanmaqla özünü "sındırmış” və yaxud savadsız hesab olunmur. Elə şeylər var ki, insan görüb-götürür. Adını çəkməyəcəyəm, bir klub rəhbərimiz vardı, deyirdi ki, "Üç transfer özün üçün edəndə, birini də komanda üçün həyata keçir”. Ümumiyyətlə, transfer məsələsi elədir ki, "nə tökərsən aşına, o da çıxacaq qarşına”. Yəni, bir mövsüm onu "yeyəcəksən”. Çünki müqavilə bağlayırsan, müəyyən qədər pul verməlisən. Onunla uzun bir marafona çıxırsan. Sən o adamı tanımalısan. Bu səbəbdən komandanın bərbad olduğunu deyərdim”.

Komandada nə məşqçi, nə də rəhbərliyin işinin görünmədini deyən Quliyev Müşahidə Şurasındakı dəyişikliklərlə bağlı sualı belə cavablandırıb:

"Nə məşqçi, nə də rəhbərliyin işi görünür. Məşqçidən əvvəl rəhbərlik istefa verməlidir. Müşahidə Şurasında dəyişikliklərdən xəbərim yoxdur, yazıçı gedib, rəssam gəlib? Hər şeyə rəğmən, futbolumuz bu səviyyədədirsə, vallah, sevinməliyik”.

Məşqçi "Neftçi”nin çempionluq şansının olmadığını bildirir:

"Nə çempionluq? Çempionluğun başını buraxsınlar. Azərbaycanda "Qarabağ”dan başqa çempionluğa layiq ikinci komanda yoxdur. Kor-kor, gör-gör, belədir”.

Səbuhi Həsənov