İdman 19:16 03.05.2023

“Neftçi”i veteranı: “Onu ümumiyyətlə futbolçu saymıram”

Azərbaycan Premyer Liqasının 32-ci turu çərçivəsində baş tutan "Neftçi” - "Qarabağ” matçı qonaqların 4:2 hesablı qələbəsi ilə yadda qaldı. Hər il olduğu kimi bu mövsüm də çempionluğa iddialı başlayan "Neftçi” növbəti dəfə "Qarabağ”ı məğlub edə bilmədi. Ümumiyyətlə mövsüm ərzində cəmi bir heç-heçə edən komandalar arasında keçirilən digər görüşlərin hamısında məhz "Qarabağ” qələbəyə sevinib. 

Bakı klubunun veteran futbolçusu Asif Əliyev Qaynarinfo-ya açıqlamasında komandanın cari mövsüm ərzindəki matçını dəyərləndirib. Ötən tur baş tutan "Qarabağ”la matça da toxunan Əliyev bunları söyləyib:

"Neftçi” oyuna yaxşı köklənmişdi. Amma "Qarabağ” çox güclü idi. Oyunu ilə özünü göstərdi, qələbə qazandı. "Neftçi” heç vaxt "Qarabağ”la bacara bilmir. Bir də komandanın məğlubiyyətinin səbəblərindən biri də Stankoviçin qırmızı vərəqə ilə cəzalandırılması oldu. Yerə yıxılan futbolçunu niyə ayaqlayırsan? Düzgün hərəkət deyildi. Bəlkə də "Neftçi” 11 nəfərlə sona qədər oynasaydı, hesab fərqli olardı. Qırmızı vərəqə komandanın durumunu daha da çətinləşdirdi. Amma maraqlı, yaxşı oyun idi. Çoxdandır stadiondakı oturacaqlar dolmurdu”.

Əliyev "Neftçi”nin bu mövsüm heç də ürəkaçan olmadığını bildirib:
 
"Ürəkaçan deyildi. Belə deyim, "cırmaqlaya-cırmaqlaya” bu yerdə dayanıblar. Kubokun yarımfinalında "Turan Tovuz”la o nə oyun idi keçirdilər? Öldük, yerə girdik. Yaxşı ki, sona yaxın Eminin sayəsində qol vurdular. Builki "Neftçi” çox pis təsir bağışlayır. Hətta "Sabah” da gəlib onları keçib. Heç olmasa, "Qarabağ”dan sonra ikinci yeri tutmaq lazım idi”.

Veteran futbolçu komandanın qeyri-stabil çıxışının səbəbini məşqçidə və bəzi futbolçularda gördüyünü deyib:

"Günahı məşqçidə, oyunçularda görürəm. Elə də güclü transferlər edilməyib. Bundan da çox şey asılıdır. Məşqçi gənc futbolçulara şans vermir. Ömər Buludov, İsmayıl Zülfüqarlı yoxdur. "27 nömrə” (Fərid Yusiflini nəzərdə tutur - red.) yaxşı uşaqdır, demək olar oyunu idarə edirdi. Ancaq ikinci hissədə baş məşqçi onu Ataa Caberlə əvəzlədi. Caber oyunçu deyil, onu ümumiyyətlə futbolçu saymıram. Özümüzünkülərə fikir vermək lazımdır. Ola bilər Caberi təcrübəsinə görə meydana buraxmışdı ki, çıxıb dəyişiklik etsin. O da heç nə ilə yadda qalmadı”.

Səbuhi Həsənov