İdman 14:24 11.02.2023

“Neftçi”nin müdafiəçisi: “Orada nə baş verdiyini görmədim”

Ölkə çempionatının 22-ci turu çərçivəsində "Neftçi” səfərdə "Qəbələ”nin qonağı oldu. Son iki turda qələbə qazanan Bakı klubu Qəbələ səfərində xal itkisi ilə üzləşdi. Şübhəsiz bu, çempionluğa iddia edən "Neftçi” üçün heç də yaxşı nəticə sayılmır. Elə sözügedən oyundan sonra da klubun azarkeşləri futbolçuları yanlarına çağırıb, belə demək mümkünsə, danladılar. 

Komandanın əsas oyunçularından sayılan Azər Salahlı Qaynarinfo-ya oyunla bağlı fikirlərini bildirib:

"Ciddi hazırlaşmışdıq. Qəbələ səfəri bəlkə də Azərbaycan çempionatında çətin olanıdır. Çünki hava şəraitindən dolayı orada oynamaq çətin olur. Həmin gün də hava çox soyuq idi. Oyun normal keçdi, qələbə qazanmaq istəyirdik. Təəssüf ki, oyun heç-heçə bitdi və bir xalla kifayətlənməli olduq”.

Oyundan sonra komandanın baş məşqçisi Laurentsiu Regekampf hakimlərdən ciddi şəkildə narazılığını bildirmişdi. Ancaq müdafiəçi sözügedən matçda hakimliyin normal olduğunu deyir:

"Hakimliklə bağlı bəzi epizodlarda müəyyən qərarlar oldu. Məsələn, künc zərbələri, autlar zamanı xırda səhvlər oldu. Amma ciddi səhvlər olduğunu deyə bilmərəm, çünki hər oyunda belə hallarla qarşılaşırıq. Məncə, xırda səhvləri nəzərə almasaq, hakimlik normal idi. Bu heç-heçə bizdə ruh düşkünlüyü yarada bilməz. Əlbəttə, çətin səfərdir və qələbə qazanmaq istəyirdik. Amma məğlub da olmadıq. Önümüzdəki matçlara baxacağıq. Çempionatın sonuna qədər maksimum nəticə qazanmaq üçün çalışacağıq. Sonda hansı pillədə olduğumuzu görəcəyik. Hazırda əsas fikrimiz kubok oyunlarındadır. Kuboku qazanmaq, üçün çalışırıq”.

Son vaxtlar azarkeşlər "Neftçi”dən narazılıqlarını bildirirlər. Hətta qələbə qazansalar belə, komandanın oyunları bəyənilmir. Bu, "Qəbələ” ilə oyundan sonra bir daha göründü. Bəs futbolçu nə düşünür?

"Məqsədimiz oyunumuzu hər tur daha da yaxşılaşdırmaqdır. Bu da nəticədə öz əksini tapmayanda, oyun baxımlı olmayanda istər-istəməz azarkeş narazılıq edir. Peşəkar komandayıq, azarkeşlərin narazılığı normaldır. Biz də istəyərik ki, olmasın. Lakin nə etmək olar, vəziyyət belədir. çalışrıq bu situasiyadan çıxaq və nəticələrimizi yaxşılaşdıraq. Ümid edirəm ki, tezliklə bu düzələcək. "Qəbələ” ilə oyundan sonra olanlara gəlincə, açığı, mən əvəzlənmişdim deyə nə baş verdiyini görmədim. Nələr deyildiyini bilmədim. Sonradan eşitdim ki, nəsə narazılıq olub. Onsuz da hər oyundan sonra azarkeşlərlə söhbətlərimiz olur. Sadəcə, "Qəbələ” ilə görüşdən sonra nə baş verdiyini görə bilmədim”.

Səbuhi Həsənov