İdman 09:17 05.05.2023

"Neftçi”nin tərcüməçisi: “Barmağımı ona tərəf uzadıb, “indi də vaxt aparın” dedim”

Azərbaycan Kubokunun yarımfinal mərhələsinin cavab oyunları çərçivəsində baş tutan "Neftçi” – "Turan Tovuz” matçında yaşananlarla bağlı AFFA-nın İntizam Komitəsi qərar çıxardı. Qərarlardan biri də "Neftçi”nin tərcüməçisi Vüqar Əliyevlə bağlı oldu. Belə ki, qərara əsasən, oyununun 90+8-ci dəqiqəsində Əliyev qonaq komandanın rəsmi şəxslərinə qarşı qeyri-etik ifadə və hərəkətlər etdiyinə görə birbaşa qırmızı vərəqə aldığı üçün klub rəsmisi Azərbaycan Kubokunda 5 oyun cəzalanıb, "Neftçi” isə 4000 manat cərimələnib. 

Məsələ ilə bağlı Əliyev Qaynarinfo-ya danışıb. O, həmin anda baş verənlərə toxunub, heç kimi təhqir etmədiyini söyləyib:

"Heç kimi söyməmişəm, qeyri-etik ifadə də işlətməmişəm. 89-cu dəqiqədə onların qapıçıları topu meydandan kənara çıxardı. Çünki oyunçulardan biri yerə yıxılmışdı. Köməkçi məşqçimiz dedi ki, futbolçularımıza topu onlara qaytarmamasını çatdırım. Mən də Ömər Buludova tərəf qışqırdım ki, topu onlara qaytarmasın. Bu zaman rəqibin fiziki hazırlıq üzrə məşqçisi biz tərəfə baxıb iradlarını bildirdi. Mən də ona "bizim işimizə qarışma” dedim və qayıdıb yerimdə əyləşdim. 2-3 dəqiqədən sonra Emin Mahmudov qol vurdu. Mən də qaçaraq futbolçularla birlikdə çılğınlıqla qolu qeyd etdim. Stresli anlar idi, qayıdanda onların fiziki məşqçisi gözümə dəydi. Barmağımı ona tərəf uzadıb, "indi də vaxt aparın” dedim. Başqa nə kimisə təhqir, nə də hansısa jest etmişəm. Sadəcə, qolu çılğınlıqla qeyd etmişəm. Yerimə qayıdandan sonra matçın baş hakimi İnqilab Məmmədov məni çağırıb qırmızı vərəqə göstərdi. Səbəbini soruşdum, dedi, "belə etmək olmaz”.

Tərcüməçi İntizam Komitəsinin qərarının ağır olduğunu düşünür:

"Qərarlar ağır oldu. Mən heç kimi təhqir etməmişəm. "Turan Tovuz”un baş məşqçisi Ayxan Abbasova və digərlərinə böyük hörmətim var. Həmin anda hakim məndən aralıda idi. Üstəlik stadionda səs-küy vardı, komanda qol sevincini qeyd edir, bir tərəfdən diktor danışır, digər tərəfdən musiqi çalınır. Necə oldu ki, bu hay-küyün içində mənim kimisə təhqir etdiyimi deyirlər? Bunu etsəm, cəza ilə razılaşardım. Allah şahiddir ki, heç kimi söyməmişəm. Necə olur, mənə 5 oyunluq cəza verirlər, üstəlik klubu 4000 manat cərimələyirlər? Düşünürəm ki, bu qərarla bağlı apelyasiya şikayəti verilməlidir. Görək necə olacaq”.

Səbuhi Həsənov