İdman 12:55 04.05.2023

“Neftçi” rəsmisi: “Kimsə söyüş söyəcək, hər dəfə klub cərimələnəcək?”

Ötən gün AFFA-nın İntizam Komitəsinin iclası keçirildi. İclasda ən çox cərimələnən klub "Neftçi” oldu. Belə ki, klub həm kubokun yarımfinalında "Turan Tovuz”la, həm də Azərbaycan Premyer Liqasının 32-ci turu çərçivəsində "Qarabağ”la matçdan sonra ümumilikdə 20800 manat cərimələnib. 

Təbii ki, bu cərimə heç də az deyil, ən azı klubun bir neçə işçisinin aylıq maaşlarını ödəmək mümkündür. Bəs "Neftçi” cərimələri azaltmaq üçün apelyasiya şikayəti verəcəkmi? Bu suallara Klubun mətbuat katibi Rüstəm Allahverdiyev Qaynarinfo-ya açıqlamasında cavab verib. O, paytaxt təmsilçisinin prezidenti Kamran Qliyevlə bağlı apelyasiya şikayətinə də baxılmadığını vurğulayıb:

"Hələ klubun prezidenti Kamran Quliyevlə bağlı müraciətimizi cavablandırmayıblar. Digər cəzalara gəlincə, ötən gün axşam açıqlandığı üçün konkret qərar verməmişik. Daha doğrusu, hansı məsələ ilə bağlı AFFA-ya müraciət edəcəyimizlə bağlı mənə məlumat verilməyib. Kimsə gəlib stadionda söyüş söyəcək, hər dəfə klub cərimələnəcək? Absurd bir qərardır. Mən kütləyə necə cavabdeh ola bilərəm? Əvvəlcə bu məsələ tənzimlənməlidir. 4000 manat cərimə qərarı nəyin əsasında verilib? Pul yerə tökülüb ki, hər oyun bu qədər cərimə verilir? 4000 manat "Neftçi”də 8-10 işçinin maaşıdır”.

"Neftçi”yə verilən cərimələrdən biri də klubun tərcüməçisi Vüqar Əliyevlə bağlı olub. Belə ki, o AFFA-nın qərarına əsasən qonaq komandanın rəsmi şəxslərinə qarşı qeyri-etik ifadə və hərəkətlər etdiyinə görə 5 oyunluq cəzalanıb və klub 4000 manat cərimə olunub. Allahverdiyev onun heç bir qeyri-etik hərəkətə və təhqirə yol vermədiyini bildirib:
 
"Vüqarla bağlı məsələyə gəlincə, orada heç bir söyüş söyməmişdi. Son dəqiqələrdə "Turan Tovuz”un oyunçuları yerə yıxılıb ayağa qalxmırdı. Məşqçi Vüqara dedi ki, oyunu saxlamamaqla bağlı sözləri futbolçulara tərcümə etsin. Belədə onların fiziki hazırlıq üzrə məşqçisi Vüqarın üzərinə hücum etdi. Tərcüməçinin işi odur ki, məşqçinin dediklərini futbolçulara çatdırsın. Qol vurulandan sonra Vüqar da sevinənlərə qoşulmaq istəyəndə məşqçi onun qarşısını kəsib qorxudub. Tərcüməçi isə əlini qaldıraraq qol sevincini qeyd etdiyini deyib. Başqa heç bir söyüş, təhqir olmayıb. Hakim isə buna görə qımızı vərəqə göstərib”.

Səbuhi Həsənov