Siyasət 18:04 02.11.2022

Netanyahu qayıdır: Azərbaycan, Türkiyə və İranla münasibətlərdə nələr gözlənilir?

İsraildə keçirilən növbədənkənar parlament seçkilərində yenidən Benyamin Netanyahunun "Likud” partiyası qalib gəlib. İlkin məlimatlara görə, partiya səslərin 25 faizini toplamaqla 100 nəfərlik Knessetdə 25 yerə sahib olub. Koalisiya ortaqları ilə birlikdə isə onların 60-a yaxın səs topladığı bildirilir. Nəticədə Netanyahunun yenidən iqtidara gələcəyi gözlənilir. 

Qeyd edək ki, məhz onun dövründə İsraillə Türkiyə arasında münasibətlər xeyli kəskinləşmişdi. Hətta səfirlər belə geri çağırılmışdı. Amma Naftali Bennetin baş nazirliyi dönəmində bu münasibətlər yenidən normallaşmağa başladı. Hər iki ölkə rəsmilərinin bir-birinə səfərləri də baş tutdu. 

İndi bir sual aktualdır: Netanyahu Türkiyəyə münasibətdə əvvəlki siyasətini davam etdirərək, münasibətlərin yenidən korlanmasına rəvac verəcək, yoxsa bu məsələdə bir daha köhnə kursa qayıtmayacaq? 
 
"Şərq-Qərb” Araşdırmalar Mərkəzinin rəhbəri Ərəstun Oruclu Qaynarinfo-ya açıqlama bildirib ki, Netanyahu Türkiyə ilə münasibətlərin yenidən korlanmasında maraqlı olmayacaq. Ona görə də həmin məsələdə keçmişə qayıtmayacaq:



"Sonuncu seçki göstərdi ki, Netanyahu koalisiya tərəfdaşları ilə birlikdə hökumət yaratmaq üçün Kinnesdə 62 səs təmin edib. Ehtimal edirəm ki, Netanyahu yenidən ölkənin baş naziri olacaq. Onun baş nazir olacağı təqdirdə İsrailin xarici siyasət kursu bir qədər də fəallaşacaq. Xüsusən də İran istiqamətində fəallıq müşahidə ediləcək. Bu amili nəzərə alaraq düşünmürəm ki, Netanyahunun hakimiyyətə gəlişi yenidən Türkiyə-İsrail münasibətlərinə neqativ təsir göstərəcək. Məsələ ondadır ki, bu gün ABŞ adminstrasiyasında əyləşən demokratlar Netanyahu ilə mürəkkəb münasibətlərə malikdirlər. Müttəfiqlik münasibətləri saxlanılsa da, bu Donald Tramp dönəmində olan səviyyədə olmayacaq. İsrailə isə müttəfiqlər mütləq lazımdır. Ona görə düşünürəm ki, Netanyahu Türkiyə ilə münasibətlərin yenidən soyumasında maraqlı olmayacaq. Əksinə, o, bu münasibətlərin daha sıx və möhkəm olmasına təşəbbüs göstərəcək. 

Netanyahunun dövründə İsrail-Azərbaycan münasibətləri də daha da yaxınlaşığa doğru inkişaf edəcək. Onun baş nazir olması Bakı ilə Təl-Əviv arasında münasibətlərə heç bir xələl gəlməyəcək. Amma Türkiyə-İsrail münasibətlərində soyuqluq yaranarsa, şübhəsiz ki, bu Bakı-Təl-Əviv münasibətlərinə də mənfi mənada öz təsirini göstərəcək. Çünki İsrail müttəfiq olsa da, Azərbaycan üçün indiki mürəkkəb dönəmdə əsas strateji tərəfdaş Türkiyədir”. 

Rüfət Sultan