İdman 15:57 06.12.2022

Neymar niyə ağlayıb?

DÇ-2022-nin pley-off mərhələsində Cənubi Koreyanı məğlub edərək 1/4 finala vəsiqə qazanan Braziliya millisinin lideri Neymar zədə prosesi zamanı yaşadıqlarından danışıb.

Qrup mərhələsində Serbiya ilə oyunda zədələnən, İsveçrə və Kameruna qarşı matçlarda meydana çıxa bilməyən braziliyalı ulduz ötən gün baş tutan Cənubi Koreya ilə görüşdə"ilk 11-lik"də yerini aldı. Oyundan sonra zədəli günləri haqda danışan futbolçu açıqlamasında "Çox qorxdum. Bütün gecəni ağladım. Ailəm nələr çəkdiyimi bilir. Amma sonda hər şey nəticə verdi. Fizioterapiya üçün göstərdiyim səy buna dəyərdi", - sözlərini deyib. 

Qətər 2022-də də qol vurmağı bacaran Neymar, Pele və Ronaldodan sonra dünya çempionatlarında fərqlənən üçüncü braziliyalı kimi tarixə düşdü. Neymar 77 qolla Braziliya millisinin bombardiri olan Pele ilə top fərqini 1-ə endirib. Ulduz futbolçu millinin forması ilə 76 oyunda fərqlənməyi bacarıb.

Braziliya 1/4 final mərhələsində Xorvatiya ilə qarşılaşacaq.

Səbuhi Həsənov