Vahid Qazi
Dünya 12:19 08.10.2022

Nobel mükafatını həbsxanada almaq

Şəkildə sizdən soldakı ağsaçlı Ales Belyaskidir. Dünən Nobel sülh mükafatı alan adam.

O, indi həbsdədir. Ötən ilin yayında Belarus hökuməti vergidən yayınmaq kimi ənənəvi qondarma iddia ilə özünü həbs, təşkilatını ekstremist elan edib.

Ales Belyaski Belarusun məşhur "Vyasna” hüquq müdafiəsi təşkilatının qurucusudur. Norveç Nobel Komitəsi 2022-ci ilin sülh mükafatını Ukrayna və Rusiyanın hüquq müdafiəçiləri ilə yanaşı ona da verib. Uzun illər Belarus kimi azadlıqlara qapalı ölkədə insan hüquq və azadlıqları uğrunda davamlı mübarizəsinə görə.

"Vyasna” təşkilatını yarandığı 1996-cı ildən tanıyıram. Alesi də elə o vaxtdan. Beynəlxalq Plüralizm Mərkəzləri Şəbəkəsinin tədbirlərində çox görüşmüşük. Müxtəlif layihələrdə əməkdaşlıq etmişik, xüsusən də, seçkilər zamanı.

Bu şəklin azından 20 yaşı var. Bizim şəbəkənin Belarusda keçirilən növbəti toplantısı zamanı çəkilib. Qruplara bölünüb "Avtoritar ölkələri demokratiya yoluna necə çıxarmalı?” sualı ətrafında müzakirə edirdik. Moderatorluğu keçmiş dissident mərhum Yakub Karpinski edirdi.

O vaxt Belarus hökuməti konfransımızı keçirməyə Minskdə yer vermədiyi üçün belaruslu həmkarlar Belarus Yazıçılar Birliyinin şəhər ətrafındakı pansionatında zal kirayələmişdilər. Biz də elə pansionatda qalırdıq.

Məhz həmin tədbirdən sonra məndə Belarusa maraq yarandı, bu ölkəni gəzmək, adamlarıyla görüşmək istədim. Sağ olsun dostlar; İrena Lasota, Vinçuk Vyaçorka, Tamara Matskeviç, Ales Belyaski, onlarının sayəsində səfər baş tutdu. Əsl Belarusu o səfərdə kəşf etdim, tanıdım və bu tanışlıqdan "Ağ Rusiyanın qara taleyi” adlı esse yazıldı. Esse Azərbaycan və rus dillərin dərc edildi.

Alesin klassik inqilabçılara məxsus xarakterini 2003-cü ildə Azərbaycanda keçirilən prezident seçkiləri vaxtı gördüm. O vaxt bizim şəbəkədən 188 nəfər ATƏT-in beynəlxalq müşahidə missiyası ilə Bakıya gəlmişdi. Belaruslu müşahidəçilər qrupuna Ales başçılıq edirdi.

15 oktyabr seçksinin nəticələrini tanımayan müxalifət küçələrə çıxmışdı, bir qrup beynəlxalq müşahidəçisi ATƏT-in seçki bəyanatına – "demokratiyaya doğru addım” – etiraz edərək "Votum separatum”la (latınca "fərqli fikir” deməkdir) çıxış etmişdi. Onu imzalayanlardan biri də Ales Belyaski idi.

Seçkidən sonra müxalifət nümayəndələrinin repressiyası başlamışdı. Postsovet ölkələrindən gəlmiş müşahidəçilər qərbli həmkarlarından fərqli olaraq, daha adekvat hərəkət edirdilər. Onlar mandatlarına daxil olmasa da, həbs olunanların azad edilməsi üçün polis idarələrinə gedir, müxalifətçiləri müdafiə etməyə çalışırdılar.

O vaxt müxalifətin namizədi İsa Qəmbərin hər an həbsi gözlənilirdi. Onun evinə beynəlxalq müşahidəçiləri göndərmək təklifinə Ales dərhal reaksiya verdi, getməyə hazır olduğunu dedi. Bir neçə belaruslu həmkarı ilə İsa bəyin yaşadığı evin qarşısına getdilər. Sonra eşitdim ki, küçədə qalmasınlar deyə İsa bəy onları evə dəvət edib. "Bir nömrəli post”un müdafiəsi bir neçə gün belə davam elədi.

***

Nobel komitəsi dəfələrlə siyasi konyukturada ittiham olunub, öz seçiminə görə qınanıb. Fikrimcə, builki sülh mükafatı Komitənin ən uğurlu seçimlərindən biri sayılacaq.



Həbsxanadan göndərə bildiyi nadir məktubların birində Ales belə yazmışdı: "Əsas depressiyaya düşməməkdir, kədərə dalmamaqdır. İnanıram ki, tezliklə hər şey yaxşı olacaq. Bizi öldürməyən bizi daha da güclü edir”.

Nobel mükafatı alması, bu münasibətlə ABŞ prezidentinin, neçə-neçə dünya çaplı siyasi-ictimai, dövlət xadiminin təbrikləri həbsxanada ona ruh, güc verəcək. Bu mükafat Ales Belyaskinin azad olunması yolunda yaşıl işıq olacaq, dostumuz azadlığa çıxacaq, 20 il əvvəl Belarus meşəsində "ölkələrimizi demokratiya yoluna necə çıxarmalı?” sualının axtarışına davam edəcək.

…Və beləcə, dünyada Lukaşenkolar yox, Ales Belyaskilər qalacaq!

Vahid Qazi
8 oktyabr 2022
Helsinqborq, İsveç