"Kiyev Çin kimi hegomon dövlətlə anlaşa bilsə, Moskvaya təsir imkanlarını da artıra bilər”.
Bunu Qaynarinfo-ya açıqlamasında politoloq Natiq Miri Ukrayna prezidenti Volodimir Zelenskinin Çin lideri Si Szinpini ölkəsinə dəvət etməsinə münasibət bildirərkən deyib. Politoloq bildirib ki, bu, Pekinin təqdim etdiyi sülh təklifləri paketilə əlaqədardır:
"Zelenskinin Çin rəhbərini Ukraynaya dəvət etməsi Pekinin təqdim etdiyi sülh təklifləri paketilə əlaqədardır. Zelenski anlayır ki, indiki vəziyyətdə Çinin prosesdə oyundankənar vəziyyətdə saxlanılması bu ölkənin Rusiyaya tərəf itələnməsi anlamına gələcək. Kiyev Çin kimi hegomon dövlətlə anlaşmaq məcburiyyətindədir. Çünki hazırkı şəraitdə Rusiya prezidentini yalnız Çin lideri səviyyəsində olan şəxslər inandıra və müharibədən çəkindirə bilər. Ukrayna rəhbərliyi Çinin təklif etdiyi 12 maddəlik plana razı deyil. Çünki bu plan müharibənin dondurulmasını ehtiva edir. Ukrayna və Qərb isə belə vəziyyətin yaranmasını istəmir”.
Həmsöhbətimiz görüş məsələsi alınsa da belə, onun o qədər də effektli olacağını düşünmür:
"Çünki Çinin indiki siyasəti Qərblə qarşıdurma kontekstində baş verir. ABŞ əsas rəqib qismində məhz Çini görür. NATO-nun açıqlamasında da bu məqam əks olunub. Ona görə də Pekin Rusiyanın tam olaraq məğlub duruma düşməsini istəmir. Kiyevdə Ukrayna ilə Çin liderləri arasında görüş olarsa, onun ciddi nəticə verəcəyini zənn etmirəm. Ancaq hər bir halda Çinlə münasibətlər sisteminin normal olması Ukrayna üçün zərərli deyil. İndiki vəziyyətdə taktiki nüvə silahlarından istifadənin qarşısını ala biləcək yeganə ölkə Çindir. Bu müstəvidə Çin maraq kəsb edən dövlətdir”.
Qeyd edək ki, Ukrayna prezidenti Volodimir Zelenski Çin Xalq Respublikasının Sədri Si Szinpini ölkəsində qəbul etməyə hazır olduğunu bildirib. Zelenskinin bununla bağlı artıq Çin liderinə dəvət göndərdiyi də bildirilir.
Rüfət Sultan
Şərhlər