Dünya 12:37 01.03.2023

Şoltsun partiyasının aparıcı şəxsindən Rusiya ilə bağlı etiraf

Almaniya Sosial Demokrat Partiyasının (SDP) Bundestaqdakı fraksiyasının lideri Rolf Mütsenix Rusiyanın Ukraynaya genişmiqyaslı müdaxiləsindən əvvəl dəstəklədiyi siyasətin yanlış və qüsurlu olduğunu etiraf edib.

Qaynarinfo  "Tagesschau” nəşrinə istinadən xəbər verir ki, Mütsenix bunu bazar ertəsi Almaniyanın təhlükəsizlik siyasətində "dönüş nöqtəsi”nə həsr olunmuş SDP tədbirində deyib.

Siyasətçi öz səhvlərini etiraf etsə də, vurğulayıb ki, "Güzəşt siyasəti Rusiya qoşunlarının Ukraynaya hücumuna görə məsuliyyət daşımır. Bu, yalnız prezident Putinin məsuliyyətidir".

Bu kontekstdə o bir daha Ukraynada müharibənin sona çatmasını sürətləndirmək üçün diplomatik səyləri müdafiə edib.

Lakin SDP fraksiyasının lideri vurğulayıb ki, söhbət Putinlə danışıqlardan deyil, müharibənin sona çatmasında rol oynaya biləcək Hindistan və ya Çin kimi ölkələrlə danışmağın zəruriliyindən gedir.

Xatırladaq ki, 2022-ci ilin yanvarında, yəni Ukraynada müharibənin aktiv fazasının başlamasına bir ay qalmış Mütsenix Rusiya ilə münaqişəni Ukraynaya silah verməklə deyil, danışıqlar yolu ilə həll etməyə çağırıb.

Almaniyanın hazırkı kansleri Olaf Şoltsun partiyası onilliklər ərzində Rusiya prezidentini düzgün qiymətləndirməməkdə və Rusiya ilə əməkdaşlığa həddən artıq güvənməkdə ittiham olunur.

SDP lideri Lars Klinqbeyl ötən ilin oktyabrında partiyasının bir neçə yanlış hesablamalarını artıq etiraf edib: "Ortaq nöqtələr axtarışında biz tez-tez bizi ayıran şeyləri unutduq. Bu, səhv idi". 

Nizami Bağırov