Siyasət 15:00 11.10.2022

Orta Asiyada tarixi hadisə: Özbəkistan mübahisəli torpaqları Qırğızıstana bağışladı - Deputatın şərhi

Orta Asiyada tarixi hadisə yaşanıb. Burada ölkələr arasında mövcud olan konfliktin biri öz həllini tapıb. Özbəkistan və Qırğızıstan Sovet İttifaqının miras qoyduğu düşmənçiliyi, bütün mübahisəli əraziləri, şirin su davalarını kökündən bağladılar. Qeyd edək ki, Özbəkistan-Qırğızıstan sərhədində indiyə qədər qardaş qırğınına, silahlı insidentlərə səbəb olan onlarla mübahisəli ərazi mövcud idi. 

"Sizin torpağınız daha azdır" deyərək, Özbəkistan böyüklük nümayiş etdirib mübahisəli torpaqları Qırğızıstana bağışlayıb. Mübahisəli ərazilərdən Özbəkistan özünə Kempir-Abad su anbarını götürsə də, istifadəsi hər iki ölkənin təmsilçilərinin quracağı müştərək müəssisə tərəfindən həyata keçiriləcək. Ən unikal hadisə kimi, görüşün arxasınca Qırğızıstanda KTMT-nin hərbi təlimlərində iştirakdan imtinası ilə Rusiyanın hazırladığı "Toxunulmaz qardaşlıq” təlimlərinin ləğv olunmasıdır. Özbəkistan üzünü Azərbaycana çevirərək, hərbi-texniki əməkdaşlıq haqqında sazişlər imzaladı. 

Qaynarinfo-ya açıqlamasında Milli Məclisin deputatı Elşad Mirbəşiroğlu bildirir ki, Özbəkistanla Qırğızıstan arasında mübahisələrin aradan qaldırılması və kompromis variantlara gedilməsi tərəflərin rifahı baxımından çox önəmlidir: 

"Azərbaycanın Orta Asiya ölkələrilə kifayət qədər isti siyasi münasibətləri var. Son dövrlər iqtisadi-ticari əməkdaşlıq sahəsində də Azərbaycanla Orta Asiyanın türkdilli dövlətləri arasında kifayət qədər uğurlu addımlar atılmaqdadır. Orta Asiya ölkələri arasında müəyyən gərginlik hökm sürür. Tacikistanla Qırğızıstan arasındakı son qarşıdurma ona dəlalət edir ki, bütövlükdə coğrafiyada yaxşı əməkdaşlıq imkanlarının olması ilə yanaşı, münaqişə potensialı da kifayət qədər ciddidir. Birgə əməkdaşlıq münaqişələrin preventiv olaraq qarşısının alınmasının ən sınanılmış vasitəsidir. Bu mənada Özbəkistanla Qırğızıstan arasında mübahisələrin aradan qaldırılması və kompromis variantlara gedilməsi tərəflərin rifahı baxımından çox önəmlidir, gələcək rifaha olan ümidləri artırır. Bütövlükdə bu regionun təhlükəsizlik arxitekturası üçün vacibdir”. 
 


Deputat qeyd edir ki, Özbəkistan-Azərbaycan münasibətlərinin yüksək səviyyədə olduğunu son zamalar iki dəfə müşahidə etmişik:

"Həm Azərbaycan Prezidentinin ayrıca olaraq Özbəkistan səfəri, həm də Şanxay Əməkdaşlıq Təşkilatının sammiti ilə əlaqədar Səmərqəndə səfəri fonunda Özbəkistanda dövlət başçımıza olan yüksək hörməti müşahidə etdik. Özbəkistanla Azərbaycan arasında iqtisadi əməkdaşlığın yeni mərhələyə qaldırmaq istəyinin olduğunu da görürük. Özbəkistanın yerləşdiyi coğrafi nəqliyyat kommunikasiya imkanları baxımından unikaldır. Azərbaycanın malik olduğu nəqliyyat infrastrukturu, tranzit imkanları Bakı ilə Daşkənd arasında nəqliyyat-loqistika sahəsində geniş əməkdaşlıq qurmaq imkanlarını nümayiş etdirir. Bakı ilə Daşkənd arasında həmçinin hərbi-texniki sahədə əməkdaşlığa da önəmli yer verilir. Bu da ondan xəbər verir ki, Azərbaycanla Özbəkistan arasında hərbi-texniki sahədə əməkdaşlıq yeni bir istiqamət olmaqla inkişaf etdiriləcək”. 

E.Mirbəşiroğlu deyir ki, türk dünyası arasında ziddiyyətlərin aradan qaldırılması bütövlükdə türk dünyası dövlətləri arasındakı münasibətlərə də öz müsbət töhfəsini verəcək. 

Rüfət Sultan