Dünya 15:59 10.05.2023

Pakistan cəhənnəmə çevrilir: İmran Xanın həbsindən sonra iğtişaşlar davam edir (VİDEO)

Pakistanda polis keçmiş baş nazir İmran Xanı saxlayıb, bundan sonra ölkədə iğtişaşlar başlayıb.
 
Qaynarinfo xəbər verir ki, bu barədə Əl-Cəzirə telekanalının məlumatında deyilir.

İmran Xanın korrupsiya işi ilə bağlı həbsindən bir neçə saat sonra Pakistanın bir neçə şəhərində başlayan etirazları yatırtmaq üçün polis su şırnaqları və gözyaşardıcı qazdan istifadə edib. Kvetta şəhərində azı bir nəfər həlak olub.

Etirazçılar Pakistan Radiosunun ofisini və ölkənin Hərbi Hava Qüvvələrinin Mianvalidəki bazasını yandırıblar. İdarələrarası kəşfiyyat binasına da hücum edilib. Nümayişçilər polisə hücum edir.

Qeyd olunur ki, Xanın həbsi xəbərindən sonra müxalifət insanları küçələrə çıxmağa çağırıb. Keçmiş baş nazirin minlərlə tərəfdarı mayın 9-da paytaxt İslamabad, Kəraçi, Lahor, Pişəvər və digər şəhərlərdə küçə etirazları keçirib.

İslamabad küçələrində yüzlərlə nümayişçi paytaxta gedən və gələn əsas magistral yollardan birini bağlayıb.

"İmran Xanın həbsi ilə bağlı xəbərlər bütün ölkəyə yayıldıqca etirazçılar küçələrə çıxıb və həbslər baş verib. İmran Xanın tərəfdarları çox qəzəblidirlər və vəziyyət hər saat gərginləşir”, - "Əl-Cəzirə” bildirir.

İslamabad polisi sosial mediada 5 polisin yaralandığını, 43 etirazçının həbs edildiyini bildirib. Ölkənin ikinci böyük şəhəri olan Lahorda etirazçılar keçmiş baş nazirin iqamətgahı qarşısında toplaşaraq, yanan təkərlərin barrikadaları ilə bitişik yolları bağlayıblar. Polis nümayişçiləri dağıtmaq üçün su şırnaqlarından istifadə edib.

Cənubdakı liman şəhəri Kəraçidə müxalifət partiyasının tərəfdarları Şəhra-e-Faisalın ən işlək küçəsində yerləşən yerli partiya ofisinin qarşısında toplaşıb. Partiya ofisinin yaxınlığındakı yolun hər iki zolağı bağlanıb, ərazi böyük polis dəstələri tərəfindən mühasirəyə alınıb.

Yolu bağlamaq istəyən etirazçıları dağıtmaq üçün hüquq-mühafizə orqanları gözyaşardıcı qazdan istifadə edib. Restoranları ilə məşhur olan Burns Roadda bir qrup nümayişçi daş atıb, təkərləri yandıraraq nəqliyyatın hərəkətini dayandırıb və mağaza sahiblərini müəssisələri müvəqqəti bağlamağa məcbur edib.

Əfqanıstanın şimal-qərbindəki Landi Kotal şəhərində etirazçılar Pakistan-Əfqan beynəlxalq magistral yolunun iki hissəsini bağlayıblar.

İmran Xan məşhur siyasətçi və müxalif Ədalət Hərəkatı Partiyasının lideridir. Əvvəllər ona qarşı bir neçə cinayət işi açılıb. Xüsusilə, o, xarici liderlərdən hədiyyələr almaqda və bundan ümumilikdə 630 min dollara yaxın gəlir əldə etməkdə ittiham olunur. Mart ayında polislə Xanın tərəfdarları arasında toqquşmalardan sonra İslamabad polisi keçmiş baş nazirə qarşı terror təhqiqatı başladıb.

Alpər